Elçin Əkbərov
Consulting Group MMC-nin direktor-auditoru, iqtisadçı
Maliyyə itkisi bizneslər üçün ciddi problemlər yarada və onların davamlı fəaliyyətini təhlükə altına qoya bilər. Bu məqalədə maliyyə itkisinin nə olduğunu, onun əsas səbəblərini və qarşısını almaq üçün effektiv üsullar barədə məlumat verməyə çalışdım.
Biznes üçün maliyyə itkisi nə deməkdir?
Maliyyə itkisi, biznesin gəlirlərindən daha çox xərcləri olduğu zaman ortaya çıxan mənfi maliyyə nəticəsidir. Şirkət faiz, vergi, amortizasiya və digər xərclər çıxıldıqdan sonra mənfəət əldə edə bilmədikdə, maliyyə itkisi ilə qarşılaşır. Bu, uzunmüddətli dövrdə şirkətin maliyyə sabitliyini poza və fəaliyyətini dayandırmağa məcbur edə bilər.
Maliyyə itkisi müxtəlif formalarda baş verə bilər:
• Gəlirlərin azalması – məhsul və ya xidmət satışının azalması, müştəri itkisi və ya bazar payının itirilməsi.
• Xərclərin artması – xammal, əmək və xidmət haqqları, kommunal və s. xərclərin artması.
• Təchizat zəncirində problemlər – təchizatın gecikməsi və ya keyfiyyətsiz məhsul təmin edilməsi.
• Aktivlərin dəyərsizləşməsi – şirkətə məxsus daşınmaz əmlak, avadanlıq və ya digər aktivlərin bazar dəyərinin azalması.
• Ümidsiz borclar – müştərilərin borclarını ödəyə bilməməsi.
• Qeyri-effektiv idarəetmə, planlama və büdcələmənin olmaması.
• Valyutariskləri – xarici valyuta məzənnəsindəki dəyişikliklər nəticəsində yaranan zərərlər.
• İnvestisiya itkisi – uğursuz investisiya qərarları, səhmlərin, istiqrazların və digər investisiyaların dəyərinin azalması.
• Dələduzluq və oğurluq – işçilər və ya tərəfdaşlar tərəfindən maliyyə fırıldaqları, dələduzluq, oğurluq.
• Təbii fəlakətlər və gözlənilməz hadisələr – zəlzələlər, daşqınlar, epidemiyalar, pandemiyalar və digər fövqəladə hallar.
• Hüquqi və ya tənzimləyici məsələlər: Cərimələr, məhkəmə xərcləri və ya qanunvericilikdə dəyişikliklər.
• Gözlənilməz xərclər – təmir, vergilər üzrə faiz və sanksiyalar.
Maliyyə itkilərinin əsas səbəbləri
Maliyyə itkisinə səbəb olan əsas faktorlar aşağıdakılardır:
• Zəif maliyyə idarəetməsi – büdcənin düzgün tərtib olunmaması, gəlir və xərclərin düzgün hesablanmaması, nəzarətsiz qalması, debitorların təqib olunmaması və uğursuz investisiya qərarları.
• Daxili və ya xarici fırıldaqlar – işçilər və ya tərəfdaşlar tərəfindən dələduzluq halları.
• Bazar dəyişiklikləri – Rəqabətin artması, yeni rəqiblərin daxil olması, bazar tələbinin və ya istehlakçı davranışlarının dəyişməsi, iqtisadi böhranlar, iqtisadi geriləmə və müştəri tələbinin azalması.
• Texnoloji dəyişikliklər – Şirkətin yeni texnologiyalara, innovasiyalara uyğunlaşmaması və köhnəlmiş sistemlərdən, avadanlıqlardan istifadəsi.
• Daxili nəzarət problemləri – dələduzluğun qarşısını almaq üçün daxili nəzarətin, daxili auditin olmaması, oğurluq, sui-istifadə, hesablama səhvləri və maliyyə saxtakarlıqları.
• Risk idarəetməsinin olmaması – potensial təhlükələrin düzgün qiymətləndirilməməsi və riskləri idarə etmək və ya ümumiyyətlə, risklərlə üzləşməmək üçün qabaqlayıcı tədbirlərin görülməməsi.
• Hüquqi və tənzimləyici məsələlər – Vergi cərimələri, məhkəmə xərcləri və qanunvericilikdə dəyişikliklər.
• İstehsal və xidmət keyfiyyəti problemləri – keyfiyyətsiz məhsul və ya xidmətlər nəticəsində müştəri itkiləri.
• Debitorlarla bağlı risklər – Müştərilərin borclarını ödəməməsi və ya vaxtında ödəmək iqtidarında olmaması.
• Təchizat problemləri – Gecikən və ya keyfiyyətsiz məhsul təchizatı nəticəsində gəlir itkisi.
• Force-majeure hallar – təbii fəlakətlər, siyasi qeyri-sabitlik və ya pandemiya kimi gözlənilməz hadisələr.
• Biznesin, əmlakın, məhsulun sığortalanmaması və ya aşağı dəyərdə sığortalanması.
Maliyyə itkilərinin qarşısını necə almaq olar?
Maliyyə itkilərinin qarşısını almaq üçün aşağıdakı tədbirlər görülə bilər:
• Effektiv maliyyə planlaması – düzgün büdcənin hazırlanması, xərclərin nəzarətdə saxlanılması və düzgün investisiya qərarlarının verilməsi.
• Risk idarəetməsi strategiyası – Potensial təhlükələri əvvəlcədən müəyyən edərək onların təsirini azaltmaq üçün planlar hazırlamaq.
• Diversifikasiya – Məhsul və xidmətlərin çeşidini artıraraq riskləri bölüşdürmək.
• Daxili nəzarətin gücləndirilməsi – maliyyə hesabatlılığını artırmaq və fırıldaqçılığın qarşısını almaq üçün audit proseslərini gücləndirmək.
• İnnovasiya və texnologiya tətbiqi – Yeni texnologiyaların tətbiq edilməsi ilə məhsuldarlığı artırmaq və xərcləri azaltmaq.
• Sığorta və ehtiyat fondları – Fövqəladə hallara qarşı kifayət qədər sığortanın təmin edilməsi və ehtiyat fondlarının yaradılması.
• Təchizat zəncirinin düzgün idarə olunması – Etibarlı təchizatçılarla əməkdaşlıq və alternativ təchizat mənbələrinin yaradılması.
• İşçilərin təlimi və bacarıqlarının artırılması – Peşəkar təlimlərlə işçilərin peşəkar biliklərini artırmaq və səhvləri minimuma endirmək.
• Bazar dəyişikliklərinə uyğunlaşma - Bazar dəyişikliklərinə uyğunlaşmaq üçün çevik və innovativ olmaq.
• Hüquqi uyğunluq – Vergi və qanunvericilik dəyişikliklərini izləyərək uyğun fəaliyyət göstərmək.
• Doğru və çevik qərarvermə. Bunun üçün biznesin, bazarın, tərəfdaşların mütəmadi olaraq analiz olunması, dəyişikliklərin və onların səbəblərinin, həmçinin doğurduğu nəticələrinin izlənilməsi.
Maliyyə itkisi hər bir biznes üçün ciddi təhlükə yarada, işçilərin ixtisarı, müflisləşmə və biznesin bağlanması ilə nəticələnə bilər. Lakin düzgün maliyyə planlaması, effektiv risk idarəetməsi və güclü daxili nəzarət mexanizmləri ilə bu riskləri minimuma endirmək mümkündür. Şirkətlər proaktiv yanaşma tətbiq edərək maliyyə itkilərini azalda bilər və uzunmüddətli uğur qazana bilərlər. Davamlı maliyyə təhlili və düzgün qərarlar qəbul etmək bizneslərin maliyyə dayanıqlılığını təmin edən əsas amillərdir.