ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik müddətinin ilk çıxışını Nümayəndələr Palatasında edib.
BAKU.WS xəbər verir ki, çıxış zamanı maraqlı hadisə qeydə alınıb.
Nümayəndələr Palatasının demokrat üzvü Qrin sədr Mayk Consonun xəbərdarlıqlarına baxmayaraq, Trampın çıxışını kəsməyə davam etdiyi üçün təhlükəsizlik işçiləri tərəfindən zaldan çıxarılıb.
Həmin vaxt Demokrat nümayəndələr Trampı fitə basarkən, Respublikaçılar "ABŞ" şüarları səsləndirib.
Donald Tramp çıxışı zamanı Bayden administrasiyasından ağır bir miras aldıqlarını dilə gətirib: "Enerji qiymətlərini aşağı salacağıq. ABŞ vətəndaşlarının cibinə daha çox pul girəcək. Böyük xəyallar qurmaq və cəsarətli addımlar atmaq zamanıdır, Amerika röyası geri qayıdır".
Ukrayna Prezidenti Volodimir Zelenskidən məktub aldığını deyən Tramp, "Ukrayna danışıqlar masasına gəlməyə hazırdır. Mənim liderliyim altında sülh üçün işləməyə, qiymətli mədənlər haqqında sazişi imzalamağa hazırdırlar. Mən Rusiya ilə də danışdım. Onlar da sülhə hazırdırlar" ifadələrini işlədib.
Tramp "Qızıl kart" proqramı çərçivəsində 5 milyon dollarlıq biznes quran şəxslərin ABŞ vətəndaşlığı ala biləcəyini açıqlayıb.
"2 aprel tarixindən etibarən qarşılıqlı gömrük tarifləri qüvvəyə minəcək. Bu tariflər ABŞ-ni yenidən zəngin edəcək. Tayvan 160 milyard dollarlıq investisiya ilə ABŞ-də çip istehsalı zavodu quracağını elan edib",-deyə Tramp əlavə edib.
Ağ Ev rəhbəri həmçinin polis əməkdaşlarını öldürən şəxslər üçün məcburi ölüm cəzası nəzərdə tutan fərman imzaladığını da deyib.