AZ

Sumqayıtda dəhşətli olay: Qadın ərini öldürdü, sonra intihara cəhd etdi

Sumqayıt şəhərində 1989-cu il təvəllüdlü Əsmər ailə münaqişəsi zəminində 1984-cü il təvəllüdlü həyat yoldaşı Rəvanı (adlar şərti verilib – red.) qətlə yetirib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, 9 avqust 2023-cü ildə saat 8 radələrində Əsmər yanvar ayından faktiki ər-arvad münasibətində olduğu Rəvanla evin qonaq otağında mübahisə edib.

Onların mübahisəsi Rəvanın Əsməri evdən qovmaq istəməsi və hamiləliyini sonlandırması tələbi ilə bağlı olub. 2023-cü ilin fevral ayından bəri davam etmiş mübahisə yenidən başlayıb.

Əsmər Rəvanın qarşısında diz çöküb, hamilə vəziyyətində olduğu üçün evdən getmək istəmədiyini deyib, ona yalvarıb. Bütün bunlara, eləcə də 6 aylıq hamiləliyə məhəl qoymayan Rəvan külqabını onun alın nahiyəsinə çırpıb.

Ardınca o, mətbəx bıçağı ilə Əsmərə dərəcəsi təyin olunmayan xəsarət yetirib.

41 bıçaq zərbəsi

Əsmər yataq otağına qaçsa da, Rəvan əlində bıçaqla onun ardınca gəlib. Bıçaqla yenidən vurmaq istəyərkən Əsmər ətir qabını Rəvanın əlinə vurub, bıçaq yerə düşüb.

Rəvan otaqdakı işıq lampasını və ətir qabını qadına çırpıb, ardınca yumruqla vuraraq ona xəsarətlər yetirib. Daha sonra yerdən bıçağı götürüb, vurmaq istəyəndə Əsmər Rəvanın əlini cırmaqlayaraq bıçağı ondan alıb. Üzərinə gəlməsin deyə Rəvana sağ baldır nahiyəsinə xəsarəti yetirib.

Affektogen situasiyada Əsmər əlindəki bıçaqla Rəvanın bədəninin müxtəlif nahiyələrinə vurub. Ümumilikdə 41 ədəd xəsarət alan Rəvan vəfat edib.

İstintaq orqanı tərəfindən Əsmərin barəsində Cinayət Məcəlləsinin 122.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əsmər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Rəvanla aralarında söz-söhbət varmış, bunun səbəbi Rəvanın övlad istəməməsiymiş:

“Mən Rəvanın ikinci ailəsiyəm. Onun məndən əvvəlki evliliyindən 2 övladı var. Daha övlad istəməməsini səbəbini bilmirəm, özü də mənə bildirməmişdi. Evlilliyimizin əvvəllərində münasibətlərimiz yaxşıydı. Əsəbi insan olduğundan o, tez-tez müxtəlif səbəblərdən əsəbləşir, mənimlə mübahisə edirdi. Həm sərxoş olanda, həm də ayıq vaxtında mübahisəmiz baş verirdi”.

“Hiss elədim ki, ağzı söz tutmur”

Təqsirləndirilən şəxs bildirib ki, mərhumun əvvəllər evli olmasını bilib: “Rəvan uşaqlarına görə yoldaşı ilə əlaqə saxlayırdı. Onlar bir müddət əlaqəni kəsdilər. Hadisədən təxminən 1-2 ay əvvəl yenidən uşaqlara görə bir-biri ilə əlaqə saxlamağa başladılar. Mən bu vəziyyətdən narahat olurdum.

Birgə yaşamağa başladıqdan bir ay sonra söz-söhbətlərimiz, mübahisələrimiz yarandı. Amma mübahisələr bu dərəcədə sərt olmamışdı. Axşam yazışdıq, Rəvanı evə çağıraraq danışıb məsələni aydınlaşdırmalı olduğumuzu söylədim.

Rəvan evə sərxoş gəldi. Fikirləşdim ki, işdən yorğun gəlib, gedib yatsın. Üzərinə çox getmədim. Hiss elədim ki, ağzı söz tutmur, sanki nəyəsə əsəbləşib. Qərara gəldim ki, səhər işə gedəndə onunla danışaram. Səhərə yaxın bu söhbət oldu. Yadımdadı ki, baldızımın yoldaşı işə gedəndən sonra söhbət elədik.

Rəvan ayaqyolundan qayıtdıqdan sonra məsələni açdım. Çalışdım ki, onu yola gətirim, uşağın qalmasına onu razı salım”.

“Heç vaxt üzərimə bıçaqla gəlməmişdi”

Əsmərin sözlərinə görə, Rəvan uşaq istəmədiyini bildirib: “O, əvvəllər məni təhqir etsə də, ona cavab qaytarmamışam. Bətnimdəki uşağa qarğış edəndə dedim, sən kimsən, mənim uşağıma qarğış edirsən? Sən də atasısan, yad deyilsən. O, kül qabını götürərək başıma vurdu, başımdan qan açıldı. Bu anda qorxaraq bıçağı əlimə götürdüm. Onu hədələmək fikrində deyildim. Yalnız üzərimə gəlməyindən qorxdum, polisə şikayət edəcəyimi bildirdim. Bıçaqla qoluna vurdum. O da bıçağı əlimdən almağa çalışdı.

Əvvəllər mübahisələrimiz olsa da, Rəvan heç vaxt üzərimə bıçaqla gəlməmişdi. Qarın nahiyəmə bıçaqla vurmaq istəyəndə məni öldürmək istədiyini başa düşdüm. Amma qarnıma vura bilmədi. Onun əlindən tutdum, bıçağı buraxsın deyə əlinə cırmaq atdım, budundan dişlədim.

Bıçağı əlindən dartdım, bıçaq yerə düşdükdə onu dəstəyindən götürdüm. Rəvan tiyədən tutdu, bıçaq qırıldı, onu kənara atdım.

Yastığın altında olan digər bıçağı ilk mən götürdüm. Rəvan onu əlimdən almağa çalışdı. Bıçaq ortadan qırıldı, səhv etmirəmsə qapının yaxınlığına düşdü”.

Seçilən
63
3
publika.az

4Mənbələr