AZ

“Şəffaflıq Azərbaycan” fəaliyyətini dayandırır

“Transparency International” təşkilatının Azərbaycan bölməsi qismində çıxış edən “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi fəaliyyətini dayandırır.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, təşkilatın təsisçiləri onun ləğv edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etməyə hazırlaşırlar.

“Şəffaflıq Azərbaycan” nədir?

“Şəffaflıq Azərbaycan” təşkilatı 2000-ci ilin oktyabr ayında təsis olunub. Tam səlahiyyətli yerli bölmə kimi 2001-ci ilin oktyabrında “Transparency International” təşkilatı tərəfindən akkreditasiya olunub, 2006-cı ilin avqust ayında isə yenidən akkreditasiyadan keçib. Təşkilat öz missiyasını “Azərbaycanda korrupsiyanın səbəblərini, formalarını və bu təhlükəli ictimai fenomenin azaldılması yollarını araşdırmaq” kimi təqdim edib.

Təşkilatın təsisçilərindən biri Rəna Səfərəliyevadır. Rəna Səfərəliyeva 2019-cu ilə qədər həm də təşkilatın icraçı direktoru olub. O, hazırda təşkilatın İdarə Heyətinin üzvüdür. Maraqlıdır ki, Rəna Səfərəliyevanın adı həm də “Şəffaflıq Azərbaycan” təşkilatının İdarə Heyəti yanında Təsisçilər Şurasının üzvü və müstəqil ekspert kimi qeyd olunub.

“Transparency International”ın Azərbaycana qarşı qərəzi

“Şəffaflıq Azərbaycan” təşkilatına akkreditasiya verən “Transparency International” təşkilatı mütəmadi olaraq yaydığı hesabatlarda Azərbaycanla bağlı qərəzli, hərtərəfli araşdırılmayan və hökumətin mövqeyinin əksini tapmadığı mövqe nümayiş etdirilib. Azərbaycan hökumətinin dəfələrlə belə hesabatların qərəzli olması ilə bağlı verdiyi açıqlamalar da bu təşkilatın Azərbaycanla bağlı fəaliyyətində dönüş yaratmayıb.

“Transparency Inernational” sonuncu hesabatında da Azərbaycana qarşı qərəzli məlumatlara yer verib. Maraqlıdır, hesabatda yalnız ümumi ifadələrdən istifadə olunub, heç bir iddia faktla əsaslandırılmayıb.

Rəna Səfərəliyeva kimdir?

Rəna Səfərəliyevanın adı son günlər Dövlət Turizm Agentliyi ilə bağlı qalmaqalda çəkilir. O, dünən Prezident İlham Əliyevin sərəncamı ilə şiddətli töhmət verilmiş Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin qayınanasıdır.

Xatırladaq ki, dünən bu şiddətli töhmətin səbəbləri barədə məlumat yayılmışdı. Qeyd olunurdu ki, Fuad Nağıyevin rəhbərlik etdiyi agentlik xidməti yazışmaları sızdırıb.

“Turizm Agentliyi Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transpatency International” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslərin yuvasına çevrilib. Onu qeyd etmək yerinə düşər ki, Fuad Nağıyevin qaynanası Rəna Səfərəliyeva uzun illər “Transpatency International” təşkilatı ilə əməkdaşlıq edib. O, bu qurumun Azərbaycandakı nümayəndəsi olub. Vaxtilə bu təşkilatda onun yetişdirdiyi bəzi şəxslər indi Dövlət Turizm Agentliyində işləyirlər. Onların bu agentlikdə söz sahibinə çevrilməsi barədə deyilənlərə heç də təəccüb etmək lazım deyil”, - məqalədə qeyd olunub.

Məlumata görə, Fuad Nağıyevin ətrafı davamlı olaraq xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar. Hətta dövlət orqanları arasında daxili yazışmaları belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürüblər.

Seçilən
85
25
qafqazinfo.az

10Mənbələr