Son günlər dünya bazarında neft ucuzlaşmaqda davam edir. Belə ki, neft qiymətlərindəki bu enişin arxasında OPEC+ və ABŞ-ın tarif qərarları durur. Həmçinin, Rusiya-Ukrayna münaqişəsi və ABŞ-ın Ukraynaya hərbi yardımın dayandırılması qərarı da geosiyasi gərginliyi artıraraq bazarları daha da qeyri-müəyyən edir.

“Bu həftə neftin qiymətində kifayət qədər ucuzlaşma oldu, hətta 70 dollardan aşağı həddə düşdü. Dünən “Brent” markalı neft 69 dollar 76 sentə satılmışdır. Neftin qiymətinin ucuzlaşmasının iki səbəbi var: birincisi, OPEC- in aprel ayının birindən 138 min barel hasilatın artırılması yönümündə atacağı addımlardır. İkincisi, isə Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın Meksika və Kanadaya 25%- lik rüsumların tətbiq etməsidir. Tramp bu qərarını daha əvvəl bildirsə də bir ay təxirə salmışdı. Bu aydan isə qərar qüvvəyə mindi. Amerika mövcud şəraitdə hər iki ölkənin iqtisadiyyatına Trampın təbirincə yardım edir, yəni subsidiyalaşdırır və buna görə də o ölkələrdən gələn mallara 25%- lik vergi tətbiq edildi. ABŞ prezidenti Tramp bundan əlavə Çinə 10%- lik vergi tətbiqi nəzərdə tuturdusa, bunu 20% etdi. Təbii ki, Çin də öz növbəsində Amerikadan gələn kənd təsərrüfatı mallarına 15%-lik müxtəlif çeşidlərə vergi tətbiq etdi. Bazar iştirakçıları hesab edirlər ki, bu cür ticari müharibələrin genişlənməsi və böyük ölkələr arasında gərginliyin artması iqtisadiyyatın inkişaf tempini zəiflədəcək. Təkcə Amerika Birləşmiş Ştatlarında qiymət artımı ilə bağlı hər ailənin orta hesabla 2000 dollar il ərzində əlavə xərc çəkməsini də qeyd edirlər. Bu isə həm ticari əlaqələrin zəifləməsi, həm də ümumi daxili məhsulun zəifləməsinə gətirib çıxaracaq ki, bu da öz növbəsində enerjiyə olan tələbatı azaltmalıdır və bunun fonunda qiymətlər ucuzlaşır.Aprel ayının real göstəriciləri və istehlakla bağlı məlumatlar dərc edildikdən sonra, bu ilin ilk yarısının sonunda neft bazarının necə inkişaf edəcəyi daha dəqiq müəyyənləşəcək. O zaman, neft qiymətlərinin 70-75 dollar/barel arasında mı, yoxsa 65-70 dollar/barel arasında mı stabilləşəcəyi barədə aydınlıq gələcək. Bu məsələnin tam olaraq müəyyənləşməsi üçün bir az daha zaman lazımdır".
Mehin Mehmanqızı