AZ

Şöbə müdiri: Yerli çaylarda su ehtiyatları son onilliklər ərzində 15 faizdən çox azalıb VİDEO

Bakı, 5 mart, AZƏRTAC

Azərbaycanın ərazisinin əksər hissəsi arid zonada yerləşir və düşən yağıntının miqdarı çox aşağıdır. İlin çox hissəsi quraq keçdiyindən yerli su ehtiyatlarımız məhduddur. Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə, Azərbaycanın bütövlükdə su ehtiyatları regiondakı ehtiyatların yalnız 15 faizini təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti xidmətinin şöbə müdiri Rafiq Verdiyev brifinqdə bildirib.

Onun sözlərinə görə, iqlim dəyişmələrinin təsiri nəticəsində çoxillik orta temperaturun 1,3C, su obyektlərində və onların hövzələrində buxarlanmanın artması, yağıntıların azalması transsərhəd və yerli çaylarda su ehtiyatlarının son onilliklər ərzində 15 faizdən çox azalmasına səbəb olub və beynəlxalq iqlim modellərinə əsasən onların gələcəkdə daha çox azalması ehtimal olunur.

“Su ehtiyatlarının azalması son illərdə su təchizatında ciddi problemlər yaradıb. Quraqlıq nəticəsində su anbarlarının tam doldurula bilməməsi səbəbindən suvarma məqsədilə istifadə olunan suyun miqdarının azalması suvarılan sahələrdə ciddi su çatışmazlığı problemi yaradıb, məhsul istehsalı azalıb, içməli su təchizatında, sudan energetika və digər sahələrdə istifadədə ciddi çətinliklər meydana çıxıb”, - deyə Rafiq Verdiyev əlavə edib.

Şöbə müdiri qeyd edib ki, Kürün aşağı axınında suyun kəskin azalması güclü küləklər zamanı Xəzər dənizinin duzlu sularının çay boyu 50 kilometr məsafədə yuxarı hərəkət etməsinə və çayın suyunda duzun miqdarının 10q/l-dək artması ilə nəticələnib ki, bu da Neftçala və Salyan rayonlarının çay yaxınlığında yerləşən yaşayış məntəqələrinin su təchizatında ciddi problemlərə səbəb olub: “Hazırkı dövrdə ölkə əhalisinin artması, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı və suvarılan kənd təsərrüfatı sahələrinin genişlənməsi səbəbindən suya olan tələbat da artır. Son 33 ildə (1991-2023-cü illər ərzində) yerli çaylarda sululuq 1961-1990-cı illərlə müqayisədə 5 faizdən 21,2 faizədək azalıb”.

Seçilən
10
2
azertag.az

3Mənbələr