"İğdır-Naxçıvan qaz kəməri regionun enerji təhlükəsizliyinə töhfə verəcək. Kəmər Naxçıvanın mavi qaza olan tələbatının bir mənbədən asılılığının aradan qaldırılması baxımından vacibdir. Bu kəmər vasitəsilə Naxçıvana ildə 750 milyon kubmetrə yaxın mavi qaz nəql ediləcək, daha sonra mavi qazın illik həcmi iki dəfə artırılacaq. Bu da Naxçıvanın artan tələbinin ödənilməsinə imkan yaradacaq".
Bu sözləri Operativ Media-ya Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, kəmərin əsas üstünlüyü Naxçıvanda mavi qaza olan tələbin fasiləsiz ödənilməsinin təmin edilməsi və Naxçıvanın enerji təhlükəsizliyinin formalaşdırılmasıdır: "Bundan əlavə, Naxçıvan tam olaraq mavi qazı qardaş Türkiyə vasitəsilə alacaq, bu da asılılığı aradan qaldırmış olacaq. Digər tərəfdən bu cür kəmərlərin çəkilməsi regionda enerji təminatı baxımından vacibdir. Hətta bu layihə bütövlükdə regionun enerji təhlükəsizliyinə töhfə kimi qiymətləndirilir. Gələcəkdə xüsusilə Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra region üçün xüsusi töhfəsi olacaq. Kəmər həm də Azərbaycan və Türkiyə arasında münasibətlərin dərinləşməsini göstərən əsas layihələrdən biri kimi çıxış edəcək".