İstedadlı futbolçu Emin Mahmudov "Neftçi" klubunun tarixinə düşüb.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Bakı təmsilçisinin heyətində Azərbaycan çempionatlarında 200 matç keçirən ilk futbolçu olub. 

2017-ci ildən etibarən "ağ-qaralar"ın şərəfini qoruyan E.Mahmudov yubiley oyununa bu gün Misli Premyer Liqasının XXV turu çərçivəsində Tovuzda "Kəpəz"ə qarşı çıxıb. O, indiyədək keçirdiyi 199 qarşılaşmada 43 qol vurub. 

Beləliklə, Emin ölkə çempionatlarında oyun sayına görə "Neftçi"nin rekordçusuna çevrilib.

Bir klubun heyətində hamıdan çox çempionat matçını isə Maksim Medvedev keçirib. Artıq karyerasını başa vurmuş müdafiəçi həmişə "Qarabağ"a sadiq qalmaqla, bu komandada Azərbaycan birinciliklərində 376 görüşdə forma geyinib.