AZ

Həmişə yenilik axtarışında olan insan

Ağalar İDRİSOĞLU - 75

(Ağalar İdrisoğlu haqqında esse)


Həyatda insanların çox az qismi yenilik axtarışında olurlar. Və onlar yenilik axtarışında olsalar da, heç vaxt gördüyü işlərdən tam razı qalmırlar və həmişə də çalışırlar daha yüksəkliklərə can atsınlar. Yeni işlər onları daha çox maraqlandırır... Belə insanlar həm də çox zəhmətkeş olurlar. Yorulmaq nə olduğunu bilmirlər. Bax, belə insanlardan biri uzun illər tanıdığım Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Ağalar İdrisoğludur. Heç vaxt onun özündən razı olduğunu eşitməmişəm. Məşhur Oldos Hakslinin bu sözləri həmişə onun ali məqsədi olub: “Bundan 20 il sonra etdiklərinə görə deyil, edə bilmədiklərin üçün kədərlənəcəksən;  ona görə kəndirləri aç, etibarlı limandan uzaqlara yelkən aç, küləyi tut, araşdır, arzula, kəşf elə. Belə edə bilsən, həyat sənin üçün daha maraqlı olar”.
1950-ci ilin mart ayının 16-da Azərbaycanın dilbər guşlərindən birində, Masallı rayonunun Digah kəndində anadan olan Ağalar İdrisoğlu (Mehdiyev)  Digah kənd səkkiz illik və Nəriman Nərimanov adına Masallı şəhər 2 nömrəli tam orta məktəbi bitirib. 1967-ci ildə Masallı Rayon Texnika Birliyində dispetçer kimi əmək fəaliyyətinə başlayıb. 17 yaşlı gənc 70-80 sürücüyə və  traktorçuya   başçılıq edib. 1968-70-ci illərdə ordu sıralarında qitələrarası ballastik raket polkunda xidmət edib. Orada da öz bacarığına, təşkilatçılığına görə serjant olub və 30 nəfər əsgərə rəhbərlik edib. 1975-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun  (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsini və 1986-cı ildə isə Moskvada Anatoli Vasilyeviç  Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun  (indiki Beynəlxalq Teatr Akademiyası)  rejissorluq fakültəsini bitirib.
O, 15 yaşından bədii yaradıcılıqla, jurnalistika ilə məşğul olur. Altımız illik bədii yaradıcılığı və jurnalistlik dövründə çox məhsuldar işləyib. Belə ki, bu müddətdə  6 roman, 12 povest, 150-dən çox hekayə, pamflet, pritça, esse, elegiya, 15 pyes, teatrlaşdırılmış tamaşalar üçün 30 ssenari yazıb. 1500-dən çox məqalələri, oçerkləri, publisist  yazıları, tarixi araşdırmaları, müsahibələri çap olunub.
50 ildir ki, peşəkar teatr sahəsində çalışır. 40-dan artıq tamaşada bir-birindən maraqlı rollar oynayıb. 140-dan çox tamaşaya peşəkar səviyyədə quruluşlar verib. 26 il ayrı-ayrı teatrların baş rejissoru, bədii rəhbəri və direktoru vəzifələrində böyük uğurla işləyib. Azərbaycan Teatr Xadimləri İttifaqının katibi, idarə heyətinin üzvü və  Sumqayıt Bölgə Şöbəsinin  sədri  olub.
Həmişə yeniliyə can atıb. Ədəbiyyat, jurnalistika və teatr aləmində çalışıb ki, heç kimə oxşamasın, özünün dəsti-xətti olsun.
1977-ci ildə Sumqayıtın tarixində ilk dəfə olaraq, “Ümid” adlı Teatr-Studiya yaradıb. Burada üç yüz nəfərə yaxın incəsənət həvəskarına onun rəhbərliyi ilə peşəkar aktyorlar, rəssamlar, jurnalistlər, baletmeysterlər dərs deyib. Həmin Teatr-Studiya böyük uğurlar qazanıb, Mədəniyyət Nazirliyinin əmrilə 1979-cu ildə Sumqayıt Gənclərinin Tənqid-Təbliğ Xalq Teatrı olub. Mədəniyyət naziri, böyük xeyirxah insan, fəlsəfə  elmləri doktoru, mərhum Zakir Bağırovun əmrilə Ağalar İdrisoğlunun bu əməyi respublikada yayılıb. Bununla bağlı geniş formatda bülleten-plakat çap olunub və Azərbaycandakı bütün mədəniyyət müəssisələrinə yayılıb.
Ağalar İdrisoğlu bu kollektivə rəhbərlik elədiyi on il müddətində 40-dan çox tamaşaya quruluş verib. Bu gün həmin Teatr-Studiyanın və Xalq Teatrının yetirmələrinin 50-dən çoxu aktyor, aktrisa, rəssam, yüzdən artığı isə başqa sahələrdə müəllim, həkim, mühəndis, jurnalist kimi çalışırlar.
1985-ci ildə dahi Üzeyir Hacıbəyovun Şuşa şəhərində keçirilən 100 illik yubileyinin ssenari müəllifi və quruluşçu rejissoru məhz Ağalar İdrisoğlu olub. O, 1991-ci ildə rəhbərlik etdiyi Sumqayıt Dövlət Dram Teatrının, Musiqili-Dram Teatrı olmasına əsas təşəbbüskarlıq göstərib və öz məqsədinə çatıb. Bu məqsədlə də Üzeyir Hacıbəyovun  “Arşın mal alan”  musiqili tamaşasına  1992-ci ilin aprel ayında çox orijinal bir quruluş verib. Məhz bu tamaşa ilə də teatr Musiqili-Dram Teatrı olub.
Həmin vaxt onun sayəsində Maliyyə Nazirliyi tərəfindən teatra əlavə 80 ştat verilib.  Amma ondan sonra bu teatra rəhbərlik edənlər yarıtmaz, səriştəsiz rəhbər olduqlarından, teatrı Musiqili-Dram Teatrı kimi işlədə bilmədiklərindən həmin ştatalar  teatrdan alınıb.
Ağalar İdrisoğlu 1997-ci ildə Sumqayıt Dövlət Dram Teatrının bədii rəhbəri-direktoru vəzifələrindən öz ərizəsilə işdən çıxıb və Dağıstana gedib, orada Dağıstan-Azərbaycan Beynəlmiləl Teatr Truppasını yaradıb və bu kollektivə üç il rəhbərlik edib. 40-dan çox dağıstanlı sənətkarla tamaşalar, konsert-tamaşalar hazırlayıb və dağıstanlılara göstərib. Azərbaycan-Dağıstan dostluğu üçün böyük işlər görüb. O, Dağıstanda işlədiyi müddətdə 1950-ci ildə bağlanan Dağıstan Azərbaycan Dövlət Dram Teatrının yenidən bərpa olunmasına çalışıb. Teatrın bütün sənədlərini hazırlayıb  və  1998-ci ildə Dağıstan azərbaycanlıları Seyid Qurbanov, Məhəmməd Qurbanov və  Hüseynbala Hüseynovla birlikdə bu ideyanı reallaşdırıb və Dağıstan Azərbaycan Dövlət Dram Teatrı yenidən öz fəaliyyətinə başlayıb.
Ağalar İdrisoğlunun təşkilatçılığı və rəhbərliyi ilə Şabran rayonunda “Şabran” Teatr-Studiyası yaranıb. İki ildən sonra bu Teatr-Studiya Mədəniyyət Nazirliyinin əmrilə Xalq Teatrı olub. Bu gün də öz fəaliyyətini davam etdirir.
Bir vaxtlar rəhbərlik etdiyi Ağdam Dövlət Dram Teatrı və Sumqayıt Dövlət Musiqili-Dram Teatrı Azərbaycan teatrları arasında ilk dəfə Qazaxıstanın Cambul, Çimkənt vilayətlərində, Vladiqafqazda, Gürcüstanın Tbilisi şəhərində, Marneuli, Bolnisi, Dmanisi rayonlarında, Qabal, Telavi bölgələrində və həmçinin  bütövlükdə  Dağıstan Respublikasında qastrol səfərlərində olub, dostluq əlaqələrinin möhkəmlənməsində çox böyük işlər görüb.
Yuxarıda yazdığımız kimi, Ağalar İdrisoğlu nasir, dramaturq, publisist, jurnalist kimi 6 romanın, 12 povestin, 15 pyesin, 30-dan çox teatrlaşdırılmış tamaşalar üçün ssenarinin, 150-dən artıq hekayənin, essenin, elegiyanın, pritçanın, pamfletin, 1500-dən çox məqalənin, müsahibənin, pulisist  yazının, oçerkin, ressenziyanın, elmi, tarixi məqalənin müəllifidir. Onun indiyədək 21 kitabı çap olunub. Dünya xalqlarının 10 pyesini dilimizə tərcümə edib. Bu pyeslər Azərbaycan teatrlarında həm onun öz quruluşunda, həm də başqa rejissorların quruluşunda böyük uğurla tamaşaya qoyulub. Eləcə də müəllifi olduğu digər pyesləri ayrı-ayrı Dövlət Dram Teatrlarında yüksək səviyyədə tamaşaya qoyulub. Dünya dramaturgiyasının tanınmış simalarından da bəzilərinin əsərlərinin tamaşası da bilavasitə onun  adı ilə bağlıdır. O, bu müəlliflərdən bəzisinin pyeslərini dilimizə tərcümə edib və bəzisinin əsərlərinə isə rejissor kimi quruluş verib.
Ağalar İdrisoğlunun  “İnan mənə”  pyesi 1985-ci ildə Ümumittifaq gənc dramatruqların müsabiqəsində 48 pyesin içərsindən qalib olub. 1986-cı ildə Moskvada  “İskusstvo”  nəşriyyatı tərəfindən hazırlanan “Məhəbbət və başqaları” adlı pyeslər toplusu antalogiyasında çap olunub. “Şah İsmayıl” pyesi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin (indiki Mədəniyyət Nazirliyi) 2010-cu ildə keçirdiyi müsabiqədə 34 pyesin içərisində ikinci dərəcəli mükafata layiq görülüb. (Birinci yer isə heç bir pyesə verilməyib.)  Quruluş verdiyi tamaşalardan Akif Həsənoğlunun “Yanmış evin nağılı”  Birinci Qarabağ müharibəsinə həsr olunan ilk tamaşa kimi Osman Mirzəyev adına mükafata və özünün yazdığı “Şah İsmayıl” tarixi faciəsi  “Qızıl Dərviş”  mükafatına layiq görülüb. Tanınmış yazıçı-tərcüməçi, filologiya elmləri doktoru  Zeydulla Ağayevin yazdığı “Haray”,  Georgi Xuqayevin“Qocaların məhəbbəti” və “Varlı ev” əsərləri onun quruluşunda səhnələşdirilib və bu tamaşalar Mədəniyyət Nazirliyi tərəfindən xüsusi mükafatlarılıb. Hazırladığı, quruluş verdiyi ondan çox tamaşa isə ayrı-ayrı qurumların mükafatı ilə təltif olunub.
1980-ci ildə Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində onun rəhbərlik etdiyi Sumqayıt Gənclərinin Tənqid-Təbliğ Xalq Teatrının üzvlərinin oynadıqları Feyruz Məmmədovun “Bir bayraq altında” tamaşasının rejissoru olduğuna görə Ağalar İdrisoğlu “Qızıl” medala layiq görülüb. Həmin kollektivin 40 nəfərlik üzvlərinə isə “qızıl”, “gümüş” və “bürünc” medallar verilib. 2005-ci ildə isə  o, ilin ən vətənpərvər yazıçısı, rejissoru və jurnalisti seçilib və buna görə “Avropa Mətbuu Evi”nin təsis etdiyi “Qızıl” medal alıb.
2013-cü ildə yazıçı kimi Prezident mükafatına, həmin ilin iyun ayının 25-də isə ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb.
Ağalar İdrisoğlu 2012-ci ildə  Qusar Dövlət Ləzgi Dram Teatrında Mirzə Fətəli Axundovun heç vaxt teatrlarda tamaşaya qoyulmayan və birinci variant olan “Xırs quldurbasan” tamaşasına çox orijinal quruluş verib. Həmin tamaşa bu gün də teatrın repertuarındadır. Onun “Məhəkəmədən əvvəl məhkəmə” pyesi 1992-ci ildə tanınmış rejissor İldırım Cabbarın quruluşunda Mingəçevir Dövlət Dram Teatrında çox böyük uğurla tamaşaya qoyulub, uzun illər teatrın repertuarında olub. 2019-cu ildə tanınmış şair-yazıçı, ictimai xadim Qənbər Şəmşiroğlunun “Caninin etirafı” povesti əsasında Ağalar İdrisoğlu və Nəriman Ocaqlının yazdığı eyni adlı tamaşanı o, çox böyük uğurla Mingəçevir Dövlət Dram Teatrında səhnələşdirib. Həmin tamaşa 2020-ci il fevral ayının 17 və 18-ində Bakıda, Milli Akademik Dram Teatrının səhnəsində müvəffəqiyyətlə göstərilib, bir neçə televiziya kanalı tərəfindən lentə alınıb, haqqında xeyli ressenziya yazılıb. Eləcə də tamaşa, pyes və bu əsərə yaılan ressenziyalar əsasında  “Caninin etirafı” adlı ayrıca kitab çap olunub.  Bu, Azərbaycan teatr tarixində ayrıca bir tamaşa haqqında çap olunan ilk kitabdır. Nobel mükafatı laureatı Reynhar Kiplinqin  “Mauqli”  əsəri əsasında Əməkdar artist Nicat Kazımovla birlikdə səhnləşdirdiyi  “Mauqlinin Yeni il sərgüzəştləri” adlı əsəri onun tərəfindən 2019-cu ilin dekabr ayında Mingəçevir Dövlət Dram Teatrında çox peşəkar səviyyədə hazırlanıb, məktəblilərin ən çox sevdiyi tamaşa sayılıb. Həmin ildə Ağalar İdrisoğlu Mingəçevir şəhərinin yaranması gününə həsr edilən möhtəşəm tədbirə ssenari hazırlayıb və teatrlaşdırılmış tamaşanın müəllifi, rejissoru və aparıcısı olub.
Əlavə edək ki, onun yazdığı “İnan mənə” pyesi əsasında Qazax Dövlət Dram Teatrının (Quruluşçu rejissor, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəli) hazırladığı tamaşa çox böyük uğurla qarşılanıb və 2023-cü ilin sentyabr ayının 25-də Azərbaycan Teatr Xadimləri İttifaqının səhnəsində yüksək peşəkarlıqla nümayiş olunub. Bu tamaşa Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.
Hal-hazırda isə Ağalar İdrisoğlunun “Teleqram” pyesi Qazax Dövlət Dram Teatrında  (Quruluşçu rejissor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist Xəzər Gəncəli)  və “Şah İsmayıl” pyesi Lənkəran Dövlət Dram Teatrında İmran Ali Qurbanın quruluşunda tamaşaya hazırlanır. Onun tərcümə elədiyi məşhur osetin dramaturqu Geor Xuqayevin “Varlı ev” tamaşası Xalq artisti Firudin Məhərrəmovun quruluşunda Sumqayıt Dövlət Dram Teatrında 2025-ci ilin yanvar ayının 16-da göstərilib və böyük uğurla qarşılanıb. Ağalar İdrisoğlunun tərcüməsində  Geor Xuqayevin başqa bir pyesi “Qaqutsa, Babutsa, Danel, Dardanel” əsəri də Mingəçevir Dövlət Dram Teatrında Əməkdar artist İntiqam Soltanın quruluşunda tamaşaya hazırlanır.
Ağalar İdrisoğlu 1977-ci ildən 1997-ci ilə kimi Sumqayıtda keçirilən bütün teatrlaşdırılmış tamaşaların, dövlət tədbirlərinin də çoxunun ssenari müəllifi və quruluşu rejissoru olub. O, həmişə dövlətimizə və dövlətçiliyimizə ürəkdən xidmət edib. Yeni Azərbaycan Partiyasının inkişafında bir yazıçı, jurnalist, teatr xadimi kimi səy göstərib. Ulu öndər Heydər Əliyevə həsr olunan “Millətin Xilaskarı”, ölkə başçımız İlham Əliyevə həsr edlən “Qarabağın Xilaskarı”adlı çox maraqlı hekayələrin müəllifidir. Bu hekayələri qəzetlərdə və saytlarda  həddindənçox oxucu oxuyub.
Aktyorluq-rejissorluq peşə sənəti olan Ağalar İdrisoğlu 2001-ci ildən quruluşçu rejissoru olduğu Dövlət Gənclər Teatrında və 2009-cu ildən bu teatr Dövlət  Milli Gənc Tamaşaçılar Teatrı ilə birləşəndən sonra bir-birindən maraqlı və tamaşaçıların sevə-sevə baxdığı tamaşalara orijinal quruluşlar verir.
Ağalar İdrisoğlu hazırda Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru və “Azad Azərbaycan” qəzetinin redaktoru vəzifələrində uğurla və məsuliyyətlə işləyir. Onun publisist, portret yazıları, məqalələri, ressenziyaları, hekayələri, pritçaları, esseləri, elegiyaları, pamfletləri dövri mətbuatda mütəmadi işıqlanır və oxucuların marağı ilə qarşılanır.

O, çapa hazırladığı bədii və teatr əsərlərindən ibarət yeni kitabları üzərində böyük səylə çalışıb, onları da tezliklə oxucuların ixtiyarına vermək istəyir.
Bəli. Tanınmış sənətkar Ağalar İdrisoğlu, bu ilin mart ayının 16-da 75 illik yubileyini, bədii yaradıcılığa, jurnalistikaya başlamasının 60 və peşəkar teatr sənətində çalışmasının 50 illiyini qeyd etməyə hazırlaşır.

Bununla bağlı 15 mart 2025-ci ildə, saat 12-də  Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında böyük bir tədbir  keçiriləcək  və sonra onun quruluşunda teatrın aktyorlarının ifasında  məşhur Bolqar dramaturqu Panço  Pançevin “Dörd  əkiz” tamaşası  oynanılacaq.
Dahi Uilyam Şekspir deyir ki, “Bəziləri anadan böyük doğulur, bəziləri böyüklüyü fəth edir, bəzilərinə isə böyüklük bəxş olunur”. Ağalar İdrisoğlu yaradıcı zəhmətilə böyüklüyü fəth edənlərdəndir. Bu, yaradıcı insanlar üçün daha örnəkdir. Axı öz zəhmətlə ucalmaq hər insana nəsib olmur. Çünki buna görə insanda böyük səbr, enerji, özünəinam çox güclü olmalıdır.
Bax, bu cəhətlər də Ağalar İdrisoğlunda həddindən artıq çoxdur.

İlhamə MƏHƏMMƏDQIZI,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
fevral, 2025-ci il



Seçilən
22
herbiand.az

1Mənbələr