AZ

Ukraynanın "Patriot" raket ehtiyatı bir neçə həftəyə tükənə bilər

Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemləri Ukraynanın özünü Rusiyanın ballistik raketlərindən qorumağın yeganə yoludur. Lakin ABŞ-dan hərbi tədarükün dayandırılması ilə sursat ehtiyatı çox tez tükənə bilər. Bu barədə CNN xəbər verir.

Nəşrin yazdığına görə, ABŞ-dan silah tədarükünün dayandırılmasından sonra Ukrayna üçün ən böyük problem hələ əvəzedicisi olmayan “Patriot” zenit-raket komplekslərinin potensial itkisidir. Ukrayna əsgərləri CNN-ə bildiriblər ki, onların əsas narahatlığı cəbhə xəttində yardımın azaldılması deyil, şəhərlərdə onların ailələrini və yaxınlarını qoruyan Patriot raketlərinin olmamasıdır.

CNN yazır ki, Ukrayna arsenallarında nə qədər raketin qaldığı və ABŞ-dan yeni tədarüklərin gözlənilmədiyi məlum deyil. Bununla belə, Ukrayna rəsmisi nəşrə bildirib ki, Kiyevin “Patriot” raketlərinin ehtiyatı bir neçə həftəyə tükənə bilər.

Cəbhə xəttindəki Ukrayna qoşunları da Patriotu Ukraynanın itirməyə gücü çatmayan əsas müdafiə elementi adlandırıb.

Patriot sistemləri ABŞ-ın Ukraynaya hərbi yardımının “zirvəsi”dir və ölkənin hava hücumundan müdafiə sistemində əsas rol oynayır. Ukrayna rəsmiləri onları itirmək riski ilə bağlı həyəcan təbili çalır.

"Bu, Rusiyanın ballistik raketlərinə qarşı durmağa qadir olan yeganə sistemdir. Əsas risk "Patriot"un tədarükü ilə bağlıdır - həm təmir, həm texniki xidmət, həm də Ukraynanı ballistik raketlərdən qorumaq üçün sursat baxımından", - CNN Ukraynanın baş naziri Denis Şmıxaldan sitat gətirir.

Nəşr əlavə edir ki, qanadlı raketlər və dronlarla mübarizədə effektivlik nümayiş etdirən NASAMS və IRIS-T kimi bəzi alternativ sistemlər mövcuddur. Lakin onlar müasir hipersəs və ballistik raketlərdən qorunmaqda Patriotla bərabər ola bilməzlər. Ona görə də Avropa Ukraynaya yardımı artırmağı planlaşdırırsa, silah təchizatı ilə bağlı problemlərin həlli əsas amil olacaq.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
34
oxumeni.az

1Mənbələr