AZ

Takumi Minamino daha 2 il “Monako”da qalacaq - Rəsmi

Futbol üzrə Yaponiya milli komandasının hücumameyilli yarımmüdafiəçisi Takumi Minamino daha il “Monako”nun uğurları üçün çalışacaq.

Arena.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.

30 yaşlı futbolçu ilə yeni müqavilə imzalanıb. Təcrübəli vingerlə yeni müqavilənin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu mövsümün sonunda başa çatacaqdı.

Takumi Minamino “Monako”ya 2022-ci ilin yayında İngiltərənin “Liverpul” klubundan 15 milyon avro müqabilində keçib. Yapon futbolçu cari mövsümdə knyazlıq klubunun heyətində 33 oyun keçirib, 6 qola və 5 məhsuldar ötürməyə imza atıb. Minamino Liqa 1 təmsilçisində bütövlükdə 89 matça çıxıb. O, bu görüşlərdə 16 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Minamino daha öncə “Çerezo Osaka”, “Zalsburq” və “Liverpul” klublarının da formasını geyinib. O, 2020/2021 mövsümünü isə icarə əsasında “Sauthempton”da keçirib. Minaminonun karyerasındakı əsas uğurları “Zalsburq” və “Liverpul”la bağlıdır. Belə ki, yapon futbolçu “Zalsburq”un heyətində 6 dəfə Avstriya çempionu olub, 5 dəfə Avstriya kubokunu qazanıb. “Liverpul”la da İngiltərə çempionu olmuş vinger, Liqa Kubokunu və İngiltərə Kubokunu başı üzərinə qaldırıb.

Takumi 2015-ci ilin oktyabr ayında Yaponiya yığmasında debüt edib. O, milli komandanın heyətində meydana çıxdığı 65 oyunda 24 qol və 11 məhsuldar ötürmə ilə yadda yadda qalıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı vingerin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
40
arena.az

1Mənbələr