AZ

Vinisius Junior: “Real” – mənim üçün ən yaxşı məkandır”

“Real”ın braziliyalı hücumçusu Vinisius Junior gələcəyi haqda qərar qəbul edərək, Səudiyyə Ərəbistanı ilə bağlı şayiələrə nöqtə qoyub.

Arena.az xəbər verir ki, bu barədə o, öz açıqlamasında bildirib:

“Mən indi çox sakitəm. Mənim “Real”la 2027-ci ilin iyun ayına qədər qüvvədə olacaq müqaviləm var və mən müqaviləmin müddətinin uzadılmasının xeyli intizarındayam. “Real” – mənim üçün ən yaxşı məkandır. Mən ən yaxşı adamlarla birlikdə oynayıram. Mən çox xoşbəxtəm”, deyə “Vini” vurğulayıb.

Vinisius ötən ilin “Qızıl top” mərasiminə niyə qatılmadığını da açıqlayıb: “Klub məndən, təqdimata qatılmamağı, Madriddə qalmağı xahiş etdi. Mən, onlar deyəni edirəm”.

Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.

Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə “Vini” madridlilərin heyətində 36 oyuna çıxıb, 17 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.

Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi 301 oyun, 102 qol, 76 məhsuldar ötürmədən ibarətdir.

“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 37 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib. Vinisius Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.

“Transfermarkt” 24 yaşlı braziliyalı vingerin transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
22
5
arena.az

10Mənbələr