AZ

"Bitcoin" 125 min dollara çata bilər - Çinli analitikdən proqnoz

Kriptovalyuta bazarında mühüm dəyişikliklər gözlənilir.

Valyuta.az xəbər verir ki, "Kriptovalyuta Hedc fondu" "ZX Squared Capital"ın qurucusu CK Çjenq, verdiyi açıqlamada "Bitcoin"in ilin sonuna qədər 125.000 dollara çata biləcəyini, lakin digər rəqəmsal aktivlərin daha yaxşı performans göstərəcəyi üçün bazardakı üstünlüyünün azalacağını bildirib.

Çjenq müsahibəsində qeyd edib ki, "bitcoin" və altkoinlər arasında bir əlaqə mövcuddur, lakin o, "bitcoin"in bazardakı dominantlığının azalacağını düşünür: "Əgər bir kriptovalyuta ekosisteminin həqiqətən inkişaf etməsini istəyirsinizsə, bazar dəyərinin 60%-nin yalnız "bitcoin"də sıxışıb qalmasına icazə verə bilməzsiniz."

"Bitcoin"in bazardakı payında baş verən dəyişikliklərin əsas səbəblərindən biri, ABŞ-ın sabiq prezidenti Donald Trampın rəhbərliyi altında kriptovalyutalara daha müsbət yanaşmanın formalaşmasıdır. Ağ Evin milli kriptovalyuta ehtiyatı yaratmağı nəzərdən keçirdiyi bildirilir. Eyni zamanda, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) "Kraken" və "Uniswap" kimi iri kriptovalyuta şirkətlərinə qarşı açılmış işləri geri çəkməyə başlayıb.

Çjenq hesab edir ki, yeni siyasətlər və tənzimləyici dəyişikliklər innovasiyaları təşviq edəcək və kriptovalyuta sənayesində böyük dəyişikliklərə səbəb olacaq. Bununla belə, bu prosesin 2025–2026-cı illər ərzində mərhələli şəkildə baş verəcəyini düşünür.

"ZX Squared Capital" analitikləri hesab edirlər ki, xüsusilə süni intellekt (AI) və blokçeyn texnologiyasının inteqrasiyasını özündə birləşdirən yeni innovasiya dalğası "Ether" (ETH) və "Solana" (SOL) kimi kriptovalyutalar üçün əlavə imkanlar yaradacaq.

Çjenq bildirir ki, rəqabətdə öndə qalmaq üçün bu ağıllı müqavilə blokçeynləri effektivliyini artırmalıdır. "Solana" üçün bu, mövcud yüksəliş tempini saxlamaq deməkdir, "Ethereum" isə bazardakı mövqeyini bərpa etməlidir".

"Bitcoin"in potensial artımına baxmayaraq, onun performansı makroiqtisadi trendlərdən və Tramp administrasiyasının iqtisadi siyasətindən asılı olacaq. Bununla yanaşı, bu həftə cümə günü keçirilməsi planlaşdırılan Ağ Ev Kriptovalyuta Sammiti sektorda mühüm dəyişikliklərə səbəb ola bilər.

Sərvanə Rəmixanova

Seçilən
80
valyuta.az

1Mənbələr