ABŞ prezidenti Donald Trampın göstərişi ilə Ukraynaya bütün hərbi yardım dayandırılıb.
Məlumata görə, Ukrayna prezidenti Volodimir Zelenskinin üzr istəməsi üçün Ağ Ev Ukraynaya hərbi yardımı dayandırmaq qərarına gəlib. Tramp və onun köməkçiləri nadir torpaq ehtiyatları ilə bağlı sövdələşməni imzalamazdan və ya davamlı xarici yardımı müzakirə etməzdən əvvəl Zelenskinin günahını etiraf etməsini istəyirlər:
"Yardımın kəsilməsi qərarı Ukraynaya təzyiq strategiyasıdır”.
Hətta dövlət katibi Marko Rubio Zelenskini Trampla münaqişəyə görə açıq şəkildə üzr istəməyə çağıran rəsmilərdən biri olub. Trampdan sonra Avropa Birliyinin liderləri də Macarıstanın etirazları səbəbindən Kiyev üçün yeni 20 milyard avroluq hərbi yardım paketinin hazırlanmasını dayandırıb. Həmçinin, “Röyters” məlumat yayıb ki, ABŞ Rusiyaya qarşı sanksiyaları potensial olaraq yumşaltmaq üçün plan hazırlayır. Qeyd olunub ki, Ağ Ev Dövlət Departamentinə və Maliyyə Nazirliyinə yumşaldılması mümkün olan sanksiyaların siyahısını hazırlamağı tapşırıb. Bildirilir ki, məhdudiyyətlərin yumşaldılması ABŞ administrasiyası ilə Moskva arasında diplomatik və iqtisadi münasibətlərin yaxşılaşdırılmasına dair daha geniş danışıqlar zamanı müzakirə oluna bilər.
Siyasi şərhçi Əhməd Şahidov Bakıvaxtı.az-a deyib ki, Donald Tramp iqtidara gəldikdən sonra verdiyi açıqlamalar bir daha onu göstərir ki, ABŞ və Rusiya artıq tərəfdaş ölkələrə çevrilirlər.
Ekspertin sözlərinə görə, Ağ Evdə Zelenski ilə Tramp arasında yaşanan gərgin anlar bir daha ortalığa qoydu ki, bu gün ABŞ rəsmi mövqeyi heç də Ukraynanın ərazi bütövlüyünün, suverenliyinin müdafiə edilməsini dəstəkləmir:
"Əksinə, qısa müddətdə təslimçi sülhün imzalanmasına təşviq və məcbur edir. Təbii ki, bu, Ukrayna üçün qəbuledilməzdir. Rusiyanın diktə etdiyi şərtlər Ukrayna və Avropa liderləri tərəfindən əsla qəbul edilmir. Belə olduğu halda Avropa liderləri məcburdurlar ki, ABŞ olmadan öz kollektiv təhlükəsizliklərini təmin etsinlər. Ukraynanın təhlükəsizliyi əslində növbəti mərhələdə Avropanın təhlükəsizliyi deməkdir. Bu gün Ukrayna məbluğ olarsa, növbəti mərhələdə Rusiya Avropanın istənilən ölkəsinə hücum edə bilər. Bu təhlükəni Avropa ölkələri yaxşı görürlər. İlk növbədə Böyük Britaniya və Fransa irəli çıxmaq məcburiyyətindədir. Təsadüfi deyil ki, Böyük Britaniyanın baş naziri və Fransa prezidenti Ağ Evə gedərək D.Trampı inandırmağa çalışmışdılar. Amma onların cəhdi nəticəsiz qaldı. Görünən odur ki, Trampla Putin arasında strateji razılaşma var. Sadəcə bunun təfərrüartları bəlli deyil".
Əhməd Şahidov: Ukraynanın təhlükəsizliyi növbəti mərhələdə Avropanın təhlükəsizliyi deməkdir
Analitik vurğulayıb ki, ABŞ və Avropa Birliyi arasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikir ayrılıqları var:
"Vaşinqton istəyir ki, Ukrayna üçün təslimçi sülh müqaviləsi imzalansın. Rusiyanın tutduğu ərazilər onlarda qalsın, ilhaq rəsmiləşsin. Bundan sonra gələcəkdə rus ordusunun Ukraynaya hər hansı hücum etməyəcəyi ilə bağlı təminat verilsin. Təbii ki, bu, təslim olmaq deməkdir. Ukrayna ərazilərinin itirilməsi deməkdir. Avropa liderləri ilə ilk növbədə Ukraynanın təhlükəsizliyinin, ərazi bütövlüyünün bərpasının təminatını verilsin. Ona görə də London sammitində bir araya gələn Avropa liderləri ən azından bir neçə il Ukraynaya dəstəyin davam etməsinin vacibliyini söyləyirlər. ABŞ isə düşünür ki, müharibənin davam etməsi Rusiyanın daha ağır, ölümcül silahları işə salmasına, hətta nüvə silahına əl atmasına gətirib çıxara bilər. Bu isə üçüncü dünya müharibəsi deməkdir. O səbəbdən Kiyevi təslimçi sülhə məcbur edir. Üstəlik, indiyədək verilmiş yardımların əvəzi olaraq Ukraynanın təbii sərvətlərinə əl qoyulsun. Əlbəttə, bu, Ukrayna üçün heç bir halda qəbuledilən deyil. Həm də Rusiyanın qazanması, güc əldə etməsi deməkdir".
Aydın Baxış