AZ

İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir


Əvvəla onu deyim ki, Azərbaycanla Türkiyənin münasibətləri hər baxımdan böyük önəm kəsb edir və bu münasibətlər əsrlərin sınağından uğurla çıxmış münasibətlərdir. Uzun illər ərzində möhkəmlənən bu münasibətlər bir sıra vacib strateji layihələrin hesabına yeni səviyyəyə yüksəlib. Belə layihələrdən biri də İğdır-Naxçıvan qaz kəməridir.
Təməli 25 sentyabr 2023-cü ildə Prezidentlər İlham Əliyev və Recep Tayyip Erdoğan tərəfindən qoyulan İğdır–Naxçıvan qaz kəmərinin uzunluğu 97,5 kilometrdir. Bunun 17,5 kilometri Azərbaycanın, 80 kilometri isə Türkiyənin ərazisindən keçir. Kəmər gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək gücünə malikdir ki, bu da Naxçıvanın qaz tələbatını tam şəkildə ödəyir.

Şübhəsiz ki, İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək.
Məlumdur ki, əvvəllər İran vasitəsilə həyata keçirilən qaz tədarükü Naxçıvanın enerji təhlükəsizliyini müəyyən risklərlə üz-üzə qoyurdu. Yeni kəmər bu riskləri minimuma endirərək Azərbaycanın öz resursları vasitəsilə muxtar respublikanı birbaşa təbii qazla təmin etməsinə şərait yaradacaq. Bu, muxtar respublikaya enerjini tədarükünü şaxələndirəcək və nəticədə Naxçıvana yalnız bir mənbədən olan enerji asılılığını aradan qaldıracaq.

Yeni qaz kəmərinin açılışı Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi baxımından da önəmlidir. Azərbaycan və Türkiyə arasında möhkəmlənən, regionun uzunmüddətli inkişafı və sabitliyinə yönəlmiş bu kimi layihələrin həyata keçirilməsi təkcə enerji deyil, həm də iqtisadi əməkdaşlıq üçün yeni perspektivlər açır, ümumilikdə regionun sabitliyinə və rifahına töhfə verir.

Yusif Bağırzadə, politoloq
Seçilən
35
newscenter.az

1Mənbələr