AZ

Azərbaycanla Türkiyənin strateji müttəfiqliyi regionun geosiyasi reallıqlarını yenidən formalaşdırır – RƏY

Prezidentin verdiyi mesajlardan aydın oldu ki, Azərbaycan artıq yalnız regional müstəvidə güclü bir dövlət deyil, həm də geosiyasi prosesləri müəyyənləşdirən əsas aktorlardan biridir.

NOCOMMENT.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimi çərçivəsində çıxışında diqqəti ən çox çəkən məqamlardan biri Qərbi Zəngəzurun Azərbaycanın tarixi torpaqları olması məsələsinin vurğulanması oldu:

“1920-ci illərdə Zəngəzurun bolşeviklər tərəfindən Ermənistana verilməsi, əslində, Azərbaycan və Türkiyənin coğrafi olaraq bir-birindən ayrılmasına səbəb olmuşdu. Bu qərar o dövrün geosiyasi balansını dəyişdirərək, türk dünyasının birləşməsinin qarşısını almağa yönəlmişdi.

Lakin Azərbaycan heç vaxt hər hansı dövlətə qarşı ərazi iddiası irəli sürmür. Prezident İlham Əliyev hər zaman bu prinsipial mövqeni açıq şəkildə ifadə edib. Burada söhbət ilk növbədə 1988-ci ildə Qərbi Zəngəzurdan deportasiya olunan azərbaycanlıların öz doğma yurdlarına qayıdış hüququndan gedir.

Bu kontekstdə Azərbaycanın Qərbi Zəngəzuru və ümumiyyətlə, Cənubi Qafqazda baş verən geosiyasi dəyişiklikləri “tarixi ədalət” çərçivəsində müzakirə etməsi həm də türk dünyasının bütövlüyü və strateji maraqlarının qorunması baxımından önəmlidir.

Prezidentin bu məsələni açıq şəkildə gündəmə gətirməsi, həm Türkiyə, həm də digər regional aktorlarla aparılacaq gələcək müzakirələrin mühüm təməlini qoyur”.

F.Şahbazlı bildirib ki, İğdır-Naxçıvan qaz kəmərinin açılışı bu səfərin əsas tarixi hadisələrindən biri olub. Onun sözlərinə görə, bu layihə tək Azərbaycan və Türkiyənin maraqlarına xidmət etmir, eyni zamanda, regionda enerji təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir:

“Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, son dövrlərdə həyata keçirilən böyük enerji layihələri, xüsusilə də İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi Azərbaycan-Türkiyə əlaqələrinin yalnız iki dövlətin maraqları ilə məhdudlaşmadığını, həm də regional və qlobal enerji bazarlarında strateji əhəmiyyət daşıdığını nümayiş etdirir.

Bu layihə təkcə Naxçıvanın blokada vəziyyətindən xilas olması üçün deyil, həm də Cənubi Qafqazın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli bir addımdır”.

İctimai Birlik sədri qeyd edib ki, Prezident İlham Əliyevin bu səfəri eyni zamanda, Ermənistan və onun havadarlarına ciddi bir mesaj olub:

“Azərbaycan lideri açıq şəkildə bildirdi ki, Ermənistan bölgədə sülh və sabitlik istəyirsə, real addımlar ataraq Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanımalıdır. Ermənistan uzun illərdir, Türkiyə ilə münasibətlərin normallaşdırılmasına çalışır. Lakin Ankara bu məsələdə Azərbaycanın maraqlarını hər zaman prioritet kimi irəli sürüb.

Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadan Türkiyə-Ermənistan münasibətlərinin normallaşması mümkün deyil. Bu səfər çərçivəsində verilən mesajlar da onu göstərdi ki, Ankara və Bakı qeyd olunan məsələdə tam həmrəylik içindədir”.

F.Şahbazlının sözlərinə görə, səfərin yekunlarının təhlili bir daha sübut edir ki, Azərbaycanla Türkiyə strateji müttəfiqliyini daha da gücləndirir və bu birlik regionun geosiyasi reallıqlarını yenidən formalaşdırır:

“Prezidenin çıxışından aydın oldu ki, Qərbi Zəngəzur məsələsi sadəcə, tarixi bir problem deyil, həm də Azərbaycan və Türkiyənin gələcək strategiyalarının əsas istiqamətlərindən biri olacaq.

Bu səfər yalnız iki qardaş ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini göstərmədi, eyni zamanda, regional güc balansında Azərbaycan və Türkiyənin strateji rolunu bir daha təsdiqlədi. Bütün bu məqamlar Azərbaycan və Türkiyənin bölgədə enerji təhlükəsizliyinə nəzarət edən əsas güclərdən biri olduğunu təsdiqləyir.

Ermənistana verilən mesaj isə ondan ibarət idi ki, bu ölkə real sülh üçün Azərbaycanın şərtlərini qəbul etməlidir, əks halda, regional layihələrdən tamamilə kənarda qalacaq”.

Seçilən
51
4
nocomment.az

5Mənbələr