Tropik “Alfred” siklonunun Avstraliya sahillərinə çatması nəticəsində 83 mindən çox evin elektrik enerjisi kəsilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qitənin şərqində paylayıcı şəbəkələrə xidmət göstərən “Essential Energy” enerji şirkəti məlumat yayıb.
Məlumata görə, cümə günü, martın 7-də səhər saatlarında Yeni Cənubi Uels ştatında azı 43 min ev və müəssisə işıqsız qalıb, daha əvvəl Kvinslend ştatında daha 40 min ev təsərrüfatı elektrik xətlərinə çıxışı itirib. “Təmir briqadalarının işi gecə saatlarında siklonun yaxınlaşması nəticəsində hava şəraitinin xeyli pisləşməsi ilə əlaqədar dayandırılıb”, - şirkətdən bildirilib.
Avstraliya hökumətinin meteoroloji bürosu, siklonun artıq materikə daxil olduğunu, cənub-şərq Kvinslend və Yeni Cənubi Uelsin bəzi hissələrinə güclü yağış və güclü külək gətirdiyini, lakin fırtınanın ən pisinin hələ qarşıda olduğunu xəbər verib.
Avstraliyanın Baş naziri Entoni Albaneze Yeni Cənubi Uels ştatına təcili yardım etmək üçün Müdafiə Nazirliyinin 120 hərbi qulluqçusundan ibarət ilk kontingenti göndərib. Onların fövqəladə və xilasetmə qruplarına kömək edəcəkləri və cümə günü səhər sakinlərin təxliyə edildiyi Nyu Brayton qəsəbəsindəki evləri yoxlayacaqları gözlənilir.