AZ

BMT-nin Baş katibi: Qadınlar yüksələrsə, bütün cəmiyyət inkişaf edəcək

Bakı, 7 mart, AZƏRTAC

BMT-nin Baş katibi Antonio Quterreş 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə yaydığı müraciətdə bildirib: “Qadınlar və qızlar yüksələrsə, cəmiyyət də inkişaf edəcək. Bununla belə, biz son illərdə bərabər hüquqların tətbiqi əvəzinə, ayrı-seçkiliyin artdığını görürük. Biz birlikdə insan hüquqlarının, bərabərliyin və səlahiyyətlərin bütün qadınlar və qızlar üçün, hamı üçün, hər yerdə reallığa çevrilməsi məqsədilə fəaliyyətimizi gücləndirməliyik”.

Beynəlxalq Qadınlar Günü ərəfəsində BMT-nin rəsmi saytında dərc olunmuş “Qadın hüquqları: Pekin Bəyannaməsindən 30 il sonra” adlı hesabatda bildirilir ki, 2024-cü ildə bütün dünyada hökumətlərin təxminən dörddəbiri qadın hüquqlarına reaksiya göstərib.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, hesabatda deyilir: “Tarixin müəyyən mərhələlərində 87 ölkəyə qadınların rəhbərlik etdiyi halda, həqiqi paritet hələ də çox uzaqdadır. Belə ki, hər 10 dəqiqədə bir qadın və ya qız ailə üzvü, yaxud partnyoru tərəfindən öldürülür.

BMT iddia edir ki, rəqəmsal məkan həm də gender bərabərsizliyini gücləndirir, süni intellekt və bəzi sosial media platformaları zərərli stereotipləri artırır. Bu arada, qadınlar və qızlar rəqəmsal texnoloji sahələrdə kifayət qədər təmsil olunmur.

Hesabatda qeyd olunur ki, son onillikdə münaqişəyə birbaşa məruz qalan qadın və qızların sayında narahatedici artım (50 faiz) olub və qadın hüquqları müdafiəçiləri gündəlik təzyiq, şəxsi hücumlar və hətta ölümlə üzləşirlər. Eyni zamanda, COVID-19 pandemiyası, ərzaq və yanacağın qiymətlərinin qalxması və demokratik təsisatların sarsıdılması kimi böhranlar təkcə tərəqqini yavaşlatmır, həm də əldə olunan nailiyyətləri sürətlə yox edir.

BMT 2025-ci ildə dünya qadınların hüquqlarının daha da inkişaf etdirilməsi üçün ən uzaqgörən Yol Xəritəsi - Pekin Bəyannaməsinin 30-cu ildönümünü qeyd edərkən bildirib ki, bu sahədə irəliləyişlər mövcuddur. Belə ki, 1995-ci ildən bəri ölkələr gender bərabərliyini təmin edən 1531 hüquqi islahat həyata keçirib, ana ölümü üçdəbir səviyyədə azalıb və qadınların parlamentlərdə təmsilçiliyi iki dəfədən çox artıb. Bununla belə, hesabatda aydın şəkildə göstərilir ki, 2030-cu il Gündəliyinə nail olmaq üçün hələ də görüləsi xeyli iş var. Yeni təqdim edilmiş “Pekin+30” Fəaliyyət Gündəliyi tərəqqinin sürətləndirilməsi üçün prioritet sahələri müəyyən edir.

Hesabatda qeyd olunur: “Bütün qadınlar və qızlar üçün texnologiyaya bərabər çıxış və onlayn təhlükəsizlik təmin edilməlidir, eyni zamanda, sosial müdafiə, universal səhiyyə və təhsilə investisiyalar qadınların iqtisadi müstəqilliyi üçün vacib hesab olunur. Qadınların rəhbərlik etdiyi təşkilatlar davamlı sülh yaratmaq üçün xüsusi maliyyə almalıdır və yaşıl işlərə bərabər çıxışı təmin etməklə ekoloji siyasətdə onların liderliyinə üstünlük verilməlidir. Eyni zamanda, ölkələr qadın və qızlara qarşı zorakılığın bütün formalarına son qoymaq üçün qanunvericiliyi təkmilləşdirməli, yeni planlar həyata keçirməlidir.

“Pekin Bəyannaməsinin 30-cu ildönümündə BMT-nin Qadınların Statusu üzrə Komissiyası (CSW69) ilə birlikdə bu Fəaliyyət Gündəliyi milli siyasətlərdə, regional strategiyalarda və qlobal miqyasda tətbiq olunmalıdır”, -deyə sənədin sonunda bildirilir.

Seçilən
20
22
azertag.az

10Mənbələr