Əlcəzair Fransa və Mərakeşin sentyabr ayında öz sərhədində keçirməyi planlaşdırdığı birgə hərbi təlimə qarşı çıxdığı barədə Parisi məlumatlandırıb. Həmçinin bunu Fransa ilə münasibətlərdəki böhranı daha da dərinləşdirəcək "təxribat hərəkəti" kimi qiymətləndirib.
Publika.az xəbər verir ki, bu barədə Əlcəzairin Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, Əlcəzair XİN-in baş katibi Lounes Maqramane ilə Fransanın bu ölkədəki səfiri Stefan Romate arasında görüş keçirilib. Görüşün məqsədinin Əlcəzair sərhədinə yaxın Əl-Rəşidiyada sentyabr ayında keçirilməsi planlaşdırılan və bir çox mənalar daşıyan Fransa-Mərakeş hərbi təliminin ciddiliyinə səfir Romatenin diqqətini çəkmək olduğu vurğulanıb.
Bəyanatda fikirləri yer alan baş katib Maqramane ölkəsinin bu təlimi Əlcəzairə qarşı təxribat xarakterli hərəkət kimi qiymətləndirdiyini qeyd edib.
Maqramane belə bir addımın Əlcəzair-Fransa münasibətlərində mövcud böhranın daha da böyüməsinə səbəb olacağını və iki ölkə arasındakı gərginliyi yeni təhlükə səviyyəsinə çıxaracağını bildirib.