AZ

Səhv yazılan cəriməni sildirmək mümkündür - Hüquqşünas

Vətəndaş əgər özünə arxayındırsa, məhkəməyə qədər gedə bilər

Yol hərəkəti qaydalarının pozulması cərimələrindən bezənlərə yaxşı xəbər var. Vətəndaşların bəlkə də çoxu bilmir ki, cərimələri sildirmək mümkündür. Hüquqşünas, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Mehman Muradlı “Sherg.az”a açıqlamasında bunun hansı yolla mümkün olacağını anladıb. 

M.Muradlı sosial şəbəkədə paylaşdığı statusda özünün də yanlış cərimə olunduğu barədə yazıb: “Bazar günü evdə oturduğum yerdə sms-radardan mesaj gəldi ki, cərimə edilmisiz. Girdim "aplicationa" ki görüm evdə otura-otura neyləmişəm? Baxıram ki, Nizami rayonunun ərazisində sürət həddini keçmişəm. Açdım fotoya baxmağa, gördüm görüntüdəki mənim maşınım deyil. “102”yə zəng vurdum, dedilər, şəhər YPİ-nə yönəltdik. Bu gün də zəng vurdum görüm yönəlmə baş tutub, yoxsa yox, dedilər bir də yönəldirik. Şəhər YPİ-dən hələ xəbər yoxdur”. 

Hüquqşünas “Sherg.az”a açıqlamasında qeyd etdi ki, yol-hərəkəti qaydasını pozduğuna görə cərimə edildiyi haqda məlumat almış şəxs sms radarı açıb diqqətlə izləyə bilər: 
- Mən bu cür etdim, "aplicationa" daxil olub, görüntüləri izlədim, gördüm ki, hərəkətdə olan avtomobil mənim deyil. Avtomobilin dövlət nömrə nişanı səhv qeyd edilib. “102” xidmətinə məlumat verdim. Dedilər, məlumatınız Dövlət Yol Polisinə yönləndiriləcək. 1 gün gözlədim, xəbər çıxmadığı üçün yenidən “102”yə zəng etdim, dedilər bir daha yönləndirin. Cavab gözləyirəm. İnanıram ki, səhv müəyyənləşəcək, mənim adıma səhvən yazılmış cərimə silinəcək. Çünki belə bir hal artıq bir dəfə baş verib, səhvən mənə yazılmış cərimə, cərimə balı sonra silinib. Bunun üçün məhkəməyə müraciət etmək lazım gəlib, amma geri çəkilməmişəm, gözardı etməmişəm, nəhayət, cərimənin və cərimə balının da silinməsinə nail olmuşam. Məhkəmə cərimənin səhv yazıldığına qərar verib, DYP də məhkəmənin qərarını icra edib.  

M.Muradlı bildirdi ki, vətəndaş əgər özünə arxayındırsa, yol hərəkəti qaydasını pozmadığına əmindirsə, aplikasiya görüntülərindən istifadə edib DYP-yə müraciət edə, cərimənin səhvən yazıldığını bildirə və məsələnin araşdırılmasını tələb edə bilər. Bununla da, cərimə silinəcək, əlbəttə, əgər inzibati xəta törətməyibsə: 

- Qayda pozuntusu, cərimələrlə bağlı vəziyyət müxtəlif ola bilər. Bəzən qaydanı həqiqətən pozan da etiraz edir. Bu halda həmin şəxsə kamera görüntüləri təqdim edilir, baxıb görür ki, qayda pozuntusu həqiqətən olub, cərimənin düzgünlüyü də təsdiqini tapır. Ümumiyyətlə, hər bir sürücü yol-hərəkəti qaydalarını bilməli, yol nişanlarına diqqət etməlidir. Amma sürücüyə etmədiyi, yol vermədiyi xətaya görə cərimə yazılırsa, əlbəttə, cərimənin silinməsini tələb etmək hər kəsin hüququdur. Bəzən bunun məhkəmə qaydasında həlli lazım gəlir, amma vətəndaşlar səhlənkarlıq etməyib, hüquqlarının bərpasına çalışmalıdırlar. Hətta məhkəməyə müraciət etmək lazım gəlsə də. 

Seçilən
15
sherg.az

1Mənbələr