Bakı, 7 mart, AZƏRTAC
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə müraciətlərlə əlaqədar ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması üçün qanunvericiliklə son müddətin və ya müddət aralığının müəyyən olunması aztəminatlı ailələrin sosial müdafiəsinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynaya bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri ombudsman Səbinə Əliyeva Milli Məclisdə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi”ni təqdim edərkən deyib.
O bildirib ki, sağlamlığın qorunması hüququnun səmərəli təmin edilməsi istiqamətində əhəmiyyətli islahatların aparılmasına baxmayaraq, hələ də bu sahədə müəyyən çətinliklər qalmaqdadır. İcbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlər zərfinin genişləndirilməsi, həmin zərfə daxil olan xidmətlər çərçivəsində ambulator müalicə alan şəxslərə yazılan dərman vasitələrinin sığorta hesabına qarşılanması məqsədilə zəruri tədbirlərin görülməsi, eyni zamanda, ölkəyə idxal edilən dərman vasitələrinin keyfiyyətinə nəzarətin gücləndirilməsi sağlamlığın qorunması hüququnun səmərəli təmin edilməsində olduqca vacibdir.
“Bundan başqa onkoloji xəstəliklərin müalicəsində istifadə olunan dərman preparatlarının spektrinin genişləndirilməsi, habelə “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı”nın müasir tələblərə uyğun olaraq yenidən işlənilməsi də məqsədəmüvafiqdir. Səhiyyə müəssisələri tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə müvafiq göndərişlərin düzgün rəsmiləşdirilməsi və bununla da süründürməçilik hallarının aradan qaldırılması üçün tibb işçilərinin peşəkarlığının artırılması və onların lazımi qaydada təlimatlandırılması, mürəkkəb və detallı sənədləşmə prosesinin sadələşdirilməsi, habelə tibb müəssisələri ilə tibbi sosial ekspert komissiyalarının fəaliyyətinin daha effektiv əlaqələndirilməsi zəruridir”, - deyə müvəkkil əlavə edib.