Bakı, 7 mart, AZƏRTAC
“Son illərdə qadınlar hüquq-mühafizə, prokurorluq orqanlarında işləməyə xüsusi maraq göstərirlər. Məlumdur ki, ildə bir dəfə prokurorluq orqanlarına işə qəbul həyata keçirilir. Statistikaya nəzər salsaq, görərik ki, xanımların sayı ildən-ilə artır. Prokurorluq orqanlarına qəbul olan qadınlar təkcə Bakıda deyil, hətta iqlim şəraiti sərt olan bölgələrdə də fəaliyyət göstərirlər”.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev Baş Prokurorluqda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə deyib.
“Prokurorluq orqanları əməkdaşları arasında qadınların, xüsusilə aparıcı vəzifələrdə olan zərif cins nümayəndələrinin sayı kifayət qədərdir. Qadınların hüquq-mühafizə, prokurorluq orqanlarında fəaliyyəti olduqca vacibdir. Onlar işə münasibətilə seçilir və daha ədalətli olmağa çalışırlar. Biz dövlət siyasətinə uyğun olaraq xanımların prokurorluq orqanlarında daha çox işə qəbul olması və karyera inkişaflarını diqqətdə saxlayacağıq”, - deyə K.Əliyev qeyd edib.