AZ

“SpaceX”in kosmik gəmisi fəzada partlayıb

Bakı, 7 mart, AZƏRTAC

İlon Maskın “SpaceX” şirkətinin nəhəng “Starship” kosmik gəmisi cümə axşamı günü Texasdan qalxdıqdan bir neçə dəqiqə sonra kosmosda partlayıb və Florida ştatının bəzi yerlərində hava nəqliyyatının hərəkətini dayandırıb.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu, İlon Maskın Mars raket proqramı üçün cari ildə ikinci ardıcıl uğursuzluq sayılır.

“SpaceX” missiyasının canlı yayımı göstərib ki, sosial mediadakı bir neçə videoda “Starship”in mühərriklərinin dayanması nəticəsində kosmik gəminin nəzarətsiz şəkildə fırlanmağa başlaması və qısa müddət sonra kosmosda parçalanması görünür. O, daha sonra Floridanın cənubu və Baham adaları yaxınlığında qaranlıq səmalarda alovlu dağıntıların tökülməsinə səbəb olub.

Bir aylıq fasilədən sonra səkkizinci “Starship” sınağının uğursuzluğu, ard-arda baş verən qəzalar “SpaceX”in əvvəllər asanlıqla üstələdiyi ilk missiya mərhələlərində baş verir. Bu, Maskın bu il sürətləndirməyə çalışdığı proqram üçün uğursuz mərhələyə çevrilib. Belə ki, 123 metrlik raket sistemi bu onilliyin sonunda insanları Marsa göndərmək planının əsasını təşkil edir.

ABŞ Federal Aviasiya Administrasiyası qısa müddətə Mayami, Palm Biç və Orlando hava limanlarında təhlükəsizlik tədbirləri görüb, hadisə ilə bağlı təhqiqata başladığını bildirib.

Seçilən
42
2
azertag.az

3Mənbələr