AZ

Baş Prokurorluqda 8 Martla bağlı tədbir keçirildi - FOTOLAR

Martın 7-də Baş Prokurorluqda qadın prokurorluq işçilərinin, dövlət qulluqçularının, veteranların, habelə tədbirə qonaq qismində dəvət olunmuş Azərbaycan Respublikası Milli Məclisinin qadın deputatlarının və media nümayəndələrinin iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev tədbir iştirakçılarını təbrik edərək onların hər birinə fəaliyyətlərində uğur, yeni nailiyyətlər, sağlamlıq və ailə səadəti arzu edib.

Baş prokuror Kamran Əliyev bildirib ki, Azərbaycan qadını hər zaman cəmiyyətdə özünə məxsus, layiqli yer tutub. Biz bunun həm tariximizin müəyyən dönəmlərində,  həm də ədəbi-bədii yaradıcılıq sahəsindəki irsimizdə şahidi oluruq. Tarixin bəzi astanalarında hər bir cəmiyyətdə olduğu kimi Azərbaycan qadını da müəyyən məhdudiyyətlər, qadağalarla üz-üzə qalsa da, lakin  bununla bağlı ziyalılarımızın haqlı mübarizəsi sonda qadınlarımızın mövhümat təsirindən qurtulması, ən əsası təhsil və digər konstitusion hüquqlar əldə etməsi ilə nəticələnmişdir.

Xüsusi ilə qeyd edilib ki, Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsinə Ümummilli lider Heydər Əliyev tərəfindən daim həssaslıq və qayğı ilə yanaşılmışdır. İstər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəldiyi dövrdən dövlət orqanlarında aparıcı vəzifələrdə, ictimai işlərdə qadınların irəli çəkilməsi, istərsə də, 1993-cü ildən sonrakı dövrdə 14 yanvar 1998-ci il tarixdə “Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında” və 06 mart 2000-ci il tarixdə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında”  və digər Fərmanların imzalanması buna əyani misaldır. 

Azərbaycan qadınına münasibətdə qeyd olunan diqqət və qayğının nümayişi hazırda Prezident cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Ölkədə gender bərabərliyinin təmini, cəmiyyətin bütün sferalarında qadınların hüquqlarının təmin olunması və onların inkişafı, cəmiyyətdəki mövqelərinin möhkəmləndirilməsi üçün görülən işlər bütün bu deyilənlərə bariz nümunədir. 

Kamran Əliyev çıxışı zamanı həmçinin gördüyü işlərlə Azərbaycan Qadını adını yüksəklərə qaldıran, öz sadəliyi, təvazökarlığı, səmimiliyi, vətəninə və xalqına bağlılığı, eləcə də insanlığın təntənəsinə xidmət edən təşəbbüsləri və saysız-hesabsız xeyirxah əməlləri ilə seçilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti və gördüyü işlərdən də bəhs edib. 

Daha sonra qadınların cinayətkarlığa qarşı mübarizə, o cümlədən ədalət mühakiməsinin həyata keçirilməsindəki rolundan danışan Baş prokuror Kamran Əliyev Azərbaycan Qadının peşə spesifikliyinə və xidməti fəaliyyət zamanı üzləşdikləri bütün çətinliklərə baxmayaraq, bu sahədə də uğurlu nəticələr əldə etdiklərini, peşəkarlıq nümayiş etdirməklə öz vəzifələrinin öhdəsindən layiqincə gəldiklərini qeyd edib.

Hazırda prokurorluq işçisi olan qadınlardan 127 nəfərin müsabiqə yolu ilə işə qəbul edilməsi vurğulanmaqla onlardan 12 nəfərin rəhbər vəzifədə, o cümlədən 1-nin Baş Prokurorluqda idarə rəisi, 5-nin idarə rəisinin müavini, 1-nin şöbə rəisi, 4-nün rayon prokuroru və 1-nin isə rayon prokurorunun müavini vəzifəsində çalışdıqları bildirilib.

Tədbirdə Milli Məclisin deputatı, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Mədəniyyət telekanalının direktoru Dilarə Səlim, Prokurorluğun veteranı Səmayə Seyfullayeva, Qaradağ rayon prokurorunun köməkçisi Mədinə Paşayeva, Baş Prokurorluğunun İstintaq idarəsinin böyük məsləhətçisi vəzifəsini icra edən Nurlanə Babayeva çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ictimai həyatın bütün sahələrində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm işlər görüldüyü, Azərbaycan Qadının cəmiyyətin bütün sferalarında hüquq və azadlıqlarının müdafiə edildiyi, inkişafı üçün şərait yaradıldığı, həyata keçirilən bu siyasətin,  o cümlədən prokurorluq orqanlarında da uğurla davam etdirildiyi vurğulanıb. 

Baş prokuror tərəfindən bir qisim tədbir iştirakçısına mükafatlar təqdim olunduqdan sonra, "Prokurorluqda qadın gücü" adlı sənədli-bədii qısametrajlı film nümayiş etdirilib.

Seçilən
44
8
unikal.az

7Mənbələr