AZ

Ekran uşağınızı sizdən alır! - Bütün valideynlər bu yazını OXUSUN

Bu gün texnologiya həyatımızın ayrılmaz parçasına çevrilib. Gündəlik həyatımızı onsuz təsəvvür edə bilmirik. Səhər yuxudan onun səsi ilə oyanırıq, oyanan kimi ilk onu götürüb virtual dünyada baş verənləri gözdən keçiririk, onunla yemək yeyirik, yolda qulaqlıqlarımızı taxıb onunla yol gedirik, onunla taksi çağırırıq, onunla ödəniş edirik, onunla paltar seçirik, əylənirik, yazışırıq, günün sonunda da yenə onun mavi şüalarının altında yuxuya gedirik. Söz yox, texnologiya həyatımızı çox asanlaşdırır. Amma bu yeni həyat tərzi bizə yalnız asanlıqmı gətirir? 

Diqqət edin, hətta yetkin şəxsiyyətlər, xarakteri formalaşmış insanlar texnologiyaya məruz qaldıqca, həyat keyfiyyəti aşağı düşür. Nə keyfiyyətli yaşaya bilirik, nə də keyfiyyətli yata. Yuxu ritmimiz pozulur, yaddaşımız zəifləyir, diqqətimiz dağılır, sosial münasibətlərimiz keyfiyyətsizləşir, emosional dalğalanmalar yaşayırıq. 

Texnologiya ən boyük “qaçış” yolları, sosial şəbəkələr isə sığınqcaqlardır 

Bir masanın ətrafına toplaşan dostların, ya da ailənin hər üzvünün telefonla “bir kənara çəkildiyinin” hamımız şahidi oluruq. Bir evin içində yaşayan fərdlər fiziki olaraq evdə ola-ola nə qədər “evin içindədirlər”? Nə qədər biri-birilərindən xəbərdardırlar? Sadovskinin “Depressiya imperiyası” kitabında müəllif “insanlar arasında depressiya niyə bu qədər artıb?” sualını cavablandırmağa çalışarkən neoliberalizmi vurğulayır. Neoliberalizmi izah edərkən deyirdi ki, insan o qədər fərdiləşdi, o qədər ancaq özünü düşündü ki, sosiumdan, cəmiyyətdən, ailədən qopdu. Texnologiya da bizim bu “qaçış” yollarımızdan ən böyüyü, sosial şəbəkələr isə ən böyük qaçış ünvanıdır.

Orada real dünyadan qaçıb özümüzü tapdığımız bir “virtual dünya” və bir “virtual mən” yaratmışıq. 

Bəs, uşaqlar? 

Onların da başını qatmağa telefon vermişik. Hələ bir neçə ay bundan əvvəl intihar etmiş yeniyetmənin valideynlərinin övladından xəbərsiz olmasına, süni intellektlə “sevgili” olmasına niyə təəccüblənirik ki?! Biz – yetkin şəxsiyyətlərə, xarakteri formalaşmış insanlara texnologiya bunları edirsə, bəs beyni, şəxsiyyəti, xarakteri, dəyərləri hələ formalaşmamış uşaqlara necə təsir göstərir?

CDC-nin (Centers for Disease Control and Prevention – Xəstəliklərin İdarə və Profilaktikası Mərkəzi) yaydığı məlumata görə, 2000-ci ildə hər 150 uşaqdan birində autizm xəstəliyinə rast gəlinirdisə, 2020-ci ildə bu göstərici hər 36 uşaqdan birinə qədər yüksəlib. Tez-tez açılan autizm inkişaf mərkəzlərindən, sosial şəbəkələrdəki həkimlərin paylaşımlarından bu xəstəliyin nə qədər aktuallaşdığını görə bilərsiniz. 

Bəs, nədir autizm?

Autizm uşağın sosial ünsiyyət qabiliyyətinin geri olması ilə xarakterizə olunan inkişaf pozuntusudur. Daha sadə dildə desək, uşaq sosial ünsiyyəti qura bilmir, avtomatik ünsiyyət qurur. Bu xəstəliyin çox yayılmasına bir çox səbəb göstərə bilərik. 

Amma bunlar arasında ən vaciblərindən biri uşağın erkən dönəmdə ekrana məruz qalmasıdır. Təəssüf ki, əksər vaxtlar valideynlər uşaqların başını qatmaq, onları sakitləşdirmək üçün onları telefon və ya televizorun qarşısına qoyub ekranın avtomatik görüntülərinə məruz saxlayırlar. Ailədə uşaqların ancaq telefonla yemək yeməsi adi hala çevrilib. Az qala “Pavlovun itinə” dönən uşaqlar telefonda cizgi filmi görən kimi ağzını açır. Təbii ki, bu şəraitdə uşağın sosial inkişafı pozular, sosial ünsiyyət qabiliyyəti sıfIrlanır. 

Üstəlik uşaqların nitq qabiliyyəti pozulur. Sciencedaily-də yayımlanmış bir araşdırma materialına görə, ekran məruziyyətinin 30% artması nitq inkişafının ləngiməsi riskini 49% artırır. 

Telefonla yemək uşaqları məhv edir...

Telefonla yemək yeməyin özü də ayrılıqda böyük dərddir. Fizioloji olaraq, iki cür doyum ayırd edilir: emosional doyum və metabolik doyum. 

Emosional doyma zamanı insan yeməkdən zövq alaraq, yeməyin dadını hiss edərək emosional qane olacaq səviyyədə qidalanır. Metabolik doyma emosional doymadan sonra gələn hissdir. Sadə formada desək, insanın “tıxanana qədər” yeməsidir. Yəni, artıq orqanizm siqnal verir ki, “daha bəsdir, getmir!”. 

İnsanın qidalanma zamanı diqqətinin başqa yerdə olması onun emosional doymanı hiss etməsinə mane olur. Nəticədə uşaq yemək yesə də, yeməyi hiss etmir, zövq almır. Yeni nəsildə fərqli xəstəliklərin, piylənmənin, dietoloqlara ehtiyacın, plastik cərrahiyyə müdaxiləsinin geniş yayılma səbəblərindən biri də budur. İşin digər tərəfi də, birlikdə bir süfrə arxasına əyləşmək, birlikdə yemək bir ritualdır, sosial bağlılığı formalaşdıran ənənədir, dəyərdir. Həmin dəyərlər sıradan çıxır, deqradasiyaya uğrayır.

Qidalanma zamanı diqqətin pozulması demişkən, ekran məruziyyəti spontan diqqəti gücləndirir, amma konstant diqqəti zəiflədir. Yəni, ekrana məruz qalan uşaqlar kənarda olan hər xırda şeyə diqqət edirlər – spontan diqqət verə bilirlər, lakin diqqətlərini orada cəmləyə, konsentrasiya olub fokuslana bilmirlər. Diqqətləri tez dağılır. Nəticədə tez hövsələsizləşirlər, tez təslim olurlar, tez emosionallaşırlar. 

Akademik performansları zəifləyir, dərs oxumağa həvəsləri olmur. Hər şeyi tez, dərhal əldə etmək istəyirlər. Lakin əldə etdikdən qısa müddət sonra da ürəkləri sıxılır. O zaman da yeni bir şey əldə etmək istəyirlər. Belədə təbii ki, tətmin olmurlar, ola bilmirlər. Çox kiçik istisnalarla həyat da hər şeyi tez, dərhal və zəhmətsiz vermir. Bu zaman da həyatdan “küsürlər”, depressiya, özgüvənsizlik formalaşır. Təsadüfi deyil ki, Diqqət Əksikliyi və Hiperaktivlik Pozuntusu diaqnozu son 20-30 ildə 2-3 dəfə artıb. 2019-cu ildə yayımlanmış CHILD (Canadian Healthy Infant Longitudinal Development) araşdırmasında məktəbəqədər uşaqlarda ekran məruziyyəti artdıqca diqqət əksikliyinin daha da pisləşdiyi müəyyən olunub.

Uzun müddət ekrana baxmaq beynin dofamin mərkəzlərinə təsir edir. Ekranda tez-tez dəyişən görüntülər, sürətli cərəyan edən ssenarilər həmin mərkəzlərin sürətli oyanmalarına, dofamin ifrazına səbəb olur. Dofamin motivasiya və mükafatla bağlı “hormon”-dur. Beləliklə, beynin mükafat və motivasiya mərkəzi “pozulur”. Bu da uşaqlarda zövq alma qabiliyyətini pozur. Depressiya riski yüksəlir, emosional dalğalanmalar yaşayırlar. Emosiyalarını idarə etməkdə çətinlik çəkirlər. Tez-tez özlərini boşluqda hiss edilər. Kövrəkləşirlər. Xırda çətinliklərdə asanlıqla qırıla bilirlər.

Ekrana çox baxmaq – yaddaşı, immun sistemini zəiflədir, demensiya, xərçəng, miokard infarktı, insult, depressiya, həyəcan pozuntusu yaradır 

Ekran məruziyyətinin digər fəsadı isə yuxu pozuntusudur. Belə ki, ekran işıqları əsas yuxu hormonu olan melatonin sintezini zəiflədərək insanın bioloji ritmini pozur. Nəticədə insan yatsa belə, keyfiyyətli yuxu əldə edə bilmir. Yuxunun pozulması isə öz-özlüyündə insan üçün çox böyük bir fəlakətin işarəsidir. Çünki, yuxu insanın yaddaşını gücləndirir, kreativliyini artırır, insanı daha cəlbedici edir, insanın emosional aclıq tutmalarını azaldır, immun sistemini gücləndirir, demensiya, xərçəng, miokard infarktı, insult, depressiya, həyəcan pozuntusu kimi xəstəliklərin riskini azaldır.

Hələ uşaqların məruz qaldığı ekranda verilən mesajların onların xarakterinə göstərdikləri təsiri və ekran asılılığı problemləri də var. Texnoloji vasitələrdə müasir brendlərin psixoloji bombardmanı, müasir şəxsi inkişaf trendləri (“Başqası olma, özün ol”, “Ən düzünü sən bilirsən!”, “Heç kimi dinləmə, əsas sənsən!”), neyromarketinq şəkilləri (“Coca cola – dadını çıxar!”) yeni bir anlayışa – “qışqırdılmış yeniyetməlik” fenomeninin yaranmasına səbəb olur. Bu zaman yeniyetmələr daha səthi, dəyərlərdən uzaq, daha çox mənfəətə (şöhrət, fərqlilik, tanınmışlıq) yönəlmiş, eyni zamanda asanlıqla qırıla bilən, kövrək və digərlərini (başqa yeniyetmələri) linç edə bilən düşüncə quruluşuna malik olur. Bu səbəbdən “Scientific American Mind” jurnalı bu durumu izah edən eqoist yeniyetməlik məqaləsini yayınlayıb və belə yeniyetmələrin xüsusiyyətlərini aşağıdakı kimi izah edib: başqasını anlamama, bəyənilmə arzusu və rədd edilmə həssaslığı, özgüvənsizlik ilə hər şeyi edə bilmə fantaziyası, asanlıqla təslim olma, qəzəb partlayışları, özünüqoruma refleksinin itməsi, ifrat cinsəllik, impulsivlik, emosionallıq və aqressivlik.

Uşaqlarda və yeniyetmələrdə “skrollinq” – “sürüşdürmə” (sosial media istifadəsi zamanı ekranın tez-tez a sürüşdürülməsi) və ifrat porn izləmə kimi pis vərdişlər də texnologiyanın bizə “hədiyyələrindəndir.”

Şüursuzca sosial şəbəkə istifadəsi və “skrollinq” yeniyetmələr arasında ən çox yayılmış pis vərdişlərdən biridir. 2022-ci ildə yayınlanmış bir tədqiqatda bu vərdişin yeniyetmələrdəki həyəcan və depressiya ilə əlaqəli olduğu aşkarlanıb. 

Belçikalı yeniyetmələr arasında aparılmış bir tədqiqat isə müxtəlif media vasitələrinin (televiziya, video oyunları, internet) ümumi istehlakının 2010-cu ilə qədər sabit qalıb, 2014-cü ildə isə əhəmiyyətli dərəcədə artdığını göstərir. Eyni zamanda gənclərin 5%-nin internetdən sui-istifadə etdiyi və onların 97,5%-nin psixi pozuntu meyarlarına cavab verdiyi görünür. 

Sosial şəbəkələrdən ifrat formada və şüursuzca istifadəsinə səbəb olan psixoloji amillərə isə beynin dofamin cığırları, sosial müqayisə, “xəbərsiz qalma qorxusu” (FOMO – fear of missing out), öhdəsindən gəlmə mexanizmi kimi istifadə etmədir. Nəticədə, bu vərdiş yuxu pozuntusuna, sosial izolyasiyaya, özünütəsdiq qərəzinə, şəxsi vaxt itkisinə, həmçinin konsentrasiya və produktivliyin azalmasına səbəb olur.

 

Əlimizlə övladlarımıza verdiyimiz texnoloji vasitələr əvvəlcə uşaqlarımızı özündən asılı edir, sonra isə bizdən

Statistik göstəricilərə görə, bir uşağın ilk dəfə pornoya baxdığı ortalama yaş 11-dir. Oğlanların 93%-i və qızların 62%-i 18 yaşından əvvəl internet pornoqrafiyasına məruz qalır. Gündəlik axtarış motoru sorğularının 25%-i pornoqrafiya ilə bağlıdır (gündə təxminən 70 milyon). Bu da hər 4 axtarışdan birinin pornoqrafiya ilə bağlı olduğunu göstərir. İfrat pornoqrafik vasitələri izləmə seksuallıqla bağlı təhrif olunmuş baxışlara səbəb olub münasibətlərə təsir göstərir. Yeniyetmələrdə cinsi məzmunlarla bağlı desensitizasiya (həssaslığın itməsi) yaradır və asılılığa səbəb olur. Yeniyetmələrdə bədən şəkil problemlərinə, obyektivləşdirmə və gender stereotiplərinə, sosial çəkilmə və təcridə səbəb olur. Eyni zamanda cinsi performans təzyiqləri yaradır. Yeniyetmənin akademik performansına mənfi təsir göstərir və yeniyetmədə etik və əxlaqi narahatlıqlara səbəb olur. İfrat porn izləmə vərdişinin çox yayılması və insan psixi sağlamlığına mənfi təsirinə görə bu mövzuda çoxsaylı tədqiqatlar aparılmış, hətta porn asılılığı ilə EEQ (elektroensefaloqrafiya – beyin dalğalarının ölçülmə üsulu) dalğaları arasında uyğunluq müşahidə edilib. 


Telefon cihaz deyil, insanın bir orqanımıza çevrilib

Nəticədə öz əlimizlə övladlarımıza verdiyimiz texnoloji vasitələr əvvəlcə uşaqlarımızı özündən asılı edir, sonra isə əlimizdən alır. Müsahibələrin birində bir suala cavab verərkən “insan övladı təkamül edir, müasir insanın 2 əli, 2 ayağı, bir başı və bir telefonu var. Telefon artıq cihaz deyil, bir orqanımıza çevrilib” demişdim. Hazırda xatırlamıram, bu bənzətmə orada ağlıma gəlmişdi, yoxsa əvvəl də haradansa oxumuşdummu, amma hər gün o dediyimə təəssüflə haqq verirəm və bu təkamülün olmasının əleyhinəyəm!

Dəyərli oxucu, əminəm ki, yuxarıda sadaladıqlarım arzuolunmaz hallarla  hər biriniz, istər övlad, istər valideyn qarşılaşırsınız. Bu, bir gerçəklikdir və daha çox uşaqlarımızı təhdid edir. Və əksər vaxtlarda özünüzü çarəsiz hiss edirsiniz. Amma bütün dərdlərə çarə olduğu kimi ekran aludəçiliyinin aradan qaldırılması yolları da var.

Ramil Hüseynzadə, həkim-psixiatr
Azərbaycan Psixologiya Akademiyasının rəhbəri

1421161

Seçilən
28
50
azedu.az

10Mənbələr