Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Dövlət Neft Şirkətinin (SOCAR) 200 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

İndex.az BFB-yə istinadən xəbər verir ki, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 200 000 ədəd istiqraza 412 investor 220 milyon dollarlıq 510 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 6 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” ASC-dir.

İstiqrazlardan əldə olunacaq vəsait “SOCAR Green” MMC-nin bərpa olunan layihələrinə və investisiyalarına sərf ediləcək.

Xatırladaq ki, SOCAR daxili kapital bazarları üçün ilk istiqraz buraxılışını 2016-cı, ikincini isə 2021-ci ildə həyata keçirib. SOCAR İstiqrazları tədavülə buraxılandan bu günə qədər ən çox ticarət olunan korporativ qiymətli kağızdır.