AZ

"Ukraynada təhlükəsizlik təminatını verə biləcək yeganə dövlət hələ ki, ABŞ-dir"

"Son baş verən hadisələr gözlənilən idi. Ukraynanın başqa çıxış yolu olmadığına və ABŞ-nin bu məsələdə prinsipial mövqe sərgilədiyinə görə hesab edirəm ki, Zelenskinin sənədləri imzalamağa razılıq verməsi gözlənilən idi".

Bu fikirləri Redaktor.az-a politoloq Xəyal Bəşirov ABŞ və Ukrayna münasibətlərinin gedişatını şərh edərkən bildirdi.

Onun sözlərinə görə, artıq Rusiyanın mövqeyi bəllidir:

"Rusiya tərəfindən də danışıqlar prosesinə müsbət yanaşma bildirilib. Bununla bağlı Rusiya hələ ki, ehtiyatlı davranır. Prosesin Donald Trampın bundan sonra atacağı addımlardan asılı olduğu vurğulanıb. Amma hər halda Avropada baş verən proseslər və Avropa dövlətlərinin atdığı addımlar göstərdi ki, bugünkü reallıqda Avropanın Ukraynanın təhlükəsizliyinə təminat vermək imkanı yoxdur. Bu təminatı verə biləcək yeganə dövlət hələ ki, ABŞ-dir. ABŞ olmadan Avropa bu məsələdə real addım atan deyil".

Politoloq qeyd etdi ki,  yaxın zamanda Ukrayna ərazisindəki metalların istismarı ilə bağlı Ukrayna və ABŞ arasında sənədin imzalanmasını görə bilərik.

"Bundan sonra atəşkəsin əldə edilməsi istiqamətində danışıqlar başlayacaq. Atəşkəs əldə olunduqdan sonra isə hesab edirəm ki, Ukraynada prezident seçkiləri tələb olunacaq. Əgər prezident seçkiləri keçirilərsə, Zelenskinin qalib gəlməyəcəyini və hətta ümumiyyətlə seçkilərdə iştirak etməyəcəyini deyə bilərik.

Buna qədər Zelenski hansısa addım atıb hədəfinə nail ola bilər. Hər halda bu prosesin yekununda Ukraynanın parçalanmasına gətirib çıxarma ehtimalı böyükdür. Çünki Ukraynada artıq baş verən proseslər göstərir ki, ölkə itirdiyi əraziləri yenidən qazanmaq iqtidarında deyil. Gələcəkdə hansı proseslərin baş verəcəyini deyə bilmərik, amma hazırkı vəziyyət budur", - deyə X.Bəşirov bildirdi.

Aytəkin TOFİQQIZI

Seçilən
53
redaktor.az

1Mənbələr