AZ

Polşa MN: “Rusiyanı uzaqda saxlamaq üçün silahlanma artırılmalıdır”

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinin vacibliyini bəyan edib.

Yenicag.az xəbər verir ki, “RMF24” radiostansiyasına müsahibəsində o, təhlükəsizliyin təmin edilməsi üçün silahlanmanın artırılmalı, müdafiə sənayesinin inkişaf etdirilməli və sosial həmrəyliyin gücləndirilməli olduğunu bildirib.

Nazirin sözlərinə görə, təhlükəsizlik sahəsində fəaliyyət üç əsas istiqamətdə aparılmalıdır: Rusiyanı mümkün qədər uzaq saxlamaq, güclü transatlantik alyans yaratmaq və Avropanı daha da möhkəmləndirmək. O, Avropanın artıq təhlükələri dərk etdiyini və silahlanma prosesinə başladıqlarını qeyd edib.

Bundan əlavə, Polşa Müdafiə Nazirliyinin yazda parlament üzvləri üçün iki günlük hərbi hazırlıq təlimləri təşkil edəcəyi bildirilib.

Digər tərəfdən, Polşa prezidenti Andjey Duda NATO-nun baş katibi Mark Rütteyə müraciət edərək, iyul ayında Haaqada keçiriləcək sammitdə alyans ölkələrinin müdafiə xərclərinin ÜDM-in 3%-dək artırılması məsələsinin müzakirəyə çıxarılmasını istəyib. Onun sözlərinə görə, Avropa hazırkı vəziyyətdə müharibəyə tam hazır deyil.

Qeyd edək ki, martın 6-da Avropa İttifaqının fövqəladə təhlükəsizlik sammitində üzv ölkələrin liderləri Avropa Komissiyasının müdafiə qabiliyyətinin gücləndirilməsi təşəbbüsünü dəstəkləyib. Aİ Şurasına 150 milyard avro məbləğində kredit vəsaitinin müdafiə təchizatına yönəldilməsi məsələsinin təcili şəkildə nəzərdən keçirilməsi təklif edilib.

Seçilən
27
yenicag.az

1Mənbələr