AZ

“Türkiyə Ukraynaya qoşun yeridə bilər, bir şərtlə...”

Avropa İttifaqının 27 üzv ölkəsinin Brüsseldə bir araya gəlməsi və Ukraynadakı gərgin vəziyyətin müzakirə olunması, beynəlxalq diplomatiyada yeni bir mərhələni işarə edir. Ukraynadakı atəşkəsin əldə olunması perspektivi ilə bağlı müzakirələr daha da mürəkkəbləşərkən, Avropa ölkələri Ukraynaya hərbi dəstək göndərmə variantını da gündəmə gətirib. Bəs  NATO-nun ən böyük ordusuna sahib olan Türkiyənin Ukraynaya hərbi qüvvə göndərməsi ehtimalı nə dərəcədə realdır?
Moderator.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, hazırda Ankara və Moskvanın münasibətləri son dərəcə yüksək səviyyədədir və Türkiyənin Rusiya ilə toqquşma müqabilində Ukraynaya hərbi qüvvə göndərməsi çox da inandırıcı deyil:
 “Rusiya və Ukrayna  arasında anlaşma əldə edildikdən sonra Türkiyə qoşunlarının sülhməramlı missiya olaraq bölgəyə göndərilməsi mümkün variantlardan biri ola bilər. Bu vəziyyətdə, Türkiyə qoşunları, Ukrayna və Rusiya arasında neytral bir qüvvə olaraq, sülhü təmin etmək məqsədilə əraziyə yerləşdirilə bilər. Ukraynaya  Qərb qoşunlarının göndərilməsini riskli hesab edə bilər, çünki bu, Rusiyanın narazılığına səbəb ola bilər. Lakin Türkiyə qoşunları bu kontekstdə daha məqbul bir seçim ola bilər. Türkiyənin qoşunlarının bölgəyə göndərilməsi məsələsi, sülhün bərpası üçün real və strateji bir variant kimi gündəmə gələ bilər. Türkiyə, NATO-nun üzvü olmasına baxmayaraq, Rusiya ilə xüsusilə özünə məxsus bir diplomatik münasibətə sahibdir. Bu fərqlilik, Türkiyəni NATO-nun digər üzvlərindən ayıran əsas amillərdən biridir. Rusiya üçün Türkiyə, digər NATO üzvlərindən fərqli olaraq, xüsusi bir strateji tərəfdaşdır və buna görə də, Türkiyənin Ukraynaya hərbi qüvvə göndərməsi ehtimalı, bu münasibətlərin bir hissəsi kimi daha real görünə bilər. Türkiyənin Rusiya ilə əlaqələri, həm də Ukrayna ilə danışıqlarda əhəmiyyətli bir vasitəçilik rolunu oynamağa imkan verir. Məsələn, Ukrayna və Rusiya arasında əsirlərin dəyişdirilməsi kimi müsbət nəticələr, Türkiyənin vasitəçilik qabiliyyətini ortaya qoyur. Bu cür müvəffəqiyyətlər, Ukraynanın Türkiyəyə olan etimadını gücləndirib, gələcəkdə sülh prosesində Türkiyənin rolunu artırmağa səbəb ola bilər. Əgər gələcəkdə tərəflər arasında razılaşma əldə olarsa, Türkiyənin sülhməramlı missiya olaraq Ukrayna ərazisinə qoşun göndərməsi ehtimalı artacaqdır”.
Mehin Mehmanqızı
 
Seçilən
18
moderator.az

1Mənbələr