AZ

Xətaidə yaşıllıq zolağında qanunsuz tikintinin qarşısı ALINDI – RƏSMİ AÇIQLAMA – VİDEO

Xətai rayonunda daha bir yaşıllıq ərazi təhlükə ilə üz-üzə qalıb.

Yerli sakinlərdən Bizim.Media-ya daxil olan şikayətdə deyilir ki, rayonun Sarayevo 26 ünvanda ağaclıqla dolu ərazidə metal konstruksiyalar quraşdırılıb.

Onlar bildirirlər ki, bu konstruksiya işləri tamamlansa, o zaman xeyli sayda ağac məhv edilə bilər.
Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən Bizim.Media-ya bildirildi ki, bu gün 8 mart Beynəlxalq Qadınlar Günü ilə bağlı çoxsaylı tədbirlər var:

“Ona görə də yaxın günlərdə məsələ ilə bağlı məlumat veriləcək”.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sorğumuza cavab olaraq, məsələdən xəbərdar olduqlarını qeyd ediblər.

“Əraziyə mütəxəssislərimiz tərəfindən baxış keçirilib. Hələlik ağaclar kəsilməyib. Ona görə də ərazi nəzarətə götürülüb və müvafiq qurumlara məsələ ilə bağlı xəbərdarlıq edilib”.

“Quraşdırma işlərinin qarşısı alındı”

Şəhərsalma və Arxitektura Komitəsindən isə Bizim.Media-ya bildirilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 26 ünvanına baxış keçirilib, özbaşına quraşdırma işlərinin aparılması faktı aşkar edilmiş və dərhal qarşısı alınıb:

“Məlumat üçün bildiririk ki, sözügedən ərazidə 0.01 hektar sahədə metal konstruksiyadan quraşdırma işlərinin aparılması müşahidə edilib və xəbərdarlıq edilməklə aidiyyəti qurumlar tərəfindən görülmüş tədbirlər nəticəsində qismən sökülməsi təmin edilib. Hazırda tam söküntü prosesinin aparılması üçün müvafiq işlər görülməkdədir”.


Surxay Atakişiyev, Bizim.Media

Seçilən
57
2
bizim.media

10Mənbələr