AZ

Bir vaxtların rəqibləri indi tərəfdaş oldu: "Digg" və "Reddit"in yeni savaşı başlayır

Bir dövrün internet əfsanəsi olan "Digg" bu dəfə iki önəmli qurucunun rəhbərliyi ilə yenidən fəaliyyətə qayıdır. 

Süni intellekt dəstəyi ilə yenilənən "Digg" 2025-ci ilin rəqabətli onlayn dünyasında özünə yer qazanmağa çalışır.

Web 2.0 dövrünün qabaqcıl platformalarından biri hesab edilən "Digg" bu dəfə Kevin Rouz və "Reddit"in həmtəsisçisi Aleksis Ohanianın liderliyi ilə canlanır. "Digg"in qurucusu Kevin Rouz şirkəti açıqlanmayan məbləğə geri alıb. Bu dəfə isə onun yanında diqqətçəkən bir tərəfdaş var: vaxtilə "Digg"in ən böyük rəqibi olan "Reddit"in həmtəsisçisi Aleksis Ohanian.

Rouz və Ohanian ümid edirlər ki, "Digg" yenidən "Reddit" üçün rəqibə çevrilə bilər. Onlar verdikləri birgə açıqlamada bildiriblər: "Erkən internet dövrünü kəşf üçün əyləncəli və həyəcanverici məkana çevirən icma ruhunu yenidən canlandıracaq bir vizionla "Digg"i geri gətirmək üçün güclərimizi birləşdirdik".

Keçmiş rəqiblər illər ərzində "Digg" və "Reddit"də əldə etdikləri uğur və uğursuzluq təcrübələrini bir araya gətirərək bu yeni başlanğıcı uğura çevirməyi planlaşdırırlar. Onlar həmçinin "Reddit" və digər onlayn forumların icma rəhbərləri ilə görüşərək problemləri dinləyir və yeni "Digg" ilə bu məsələləri həll etməyi qarşılarına məqsəd qoyurlar.

2025-ci ilin tələblərinə cavab vermək üçün yeni "Digg" mobil cihazlara öncəlik verəcək və süni intellekt texnologiyalarından yararlanacaq. Platformanın "istifadəçi təcrübəsini yaxşılaşdıran süni intellekt yeniliklərinə fokuslanaraq və insan mərkəzli alternativlər təqdim edərək" fərqlənməsi planlaşdırılır. 

Rouz "The New York Times"a müsahibəsində bildirib ki, süni intellekt yalnız moderasiya proseslərində kömək etməyəcək, həm də elmi-fantastika həvəskarları arasında söhbəti "Klingon" dilinə çevirmək kimi əyləncəli imkanlar yaradacaq.

Rouz əvvəllər dəfələrlə "Digg"i geri almaq üçün təkliflər aldığını, lakin o zaman şirkətin əsas problemlərini həll edəcək texnologiyaların mövcud olmadığını deyib. O əlavə edib ki, süni intellektin yüksəlişi ilə bu texnologiyalar "Digg"i yenidən dirçəldə bilər. Onun fikrincə, süni intellekt "insan söhbətlərini əvəzləmək deyil, onları gücləndirmək" üçün böyük töhfə verəcək.

Yeni "Digg"in baş direktoru uzun müddətdir Rouz ilə çalışan təcrübəli məhsul dizaynı rəhbəri Castin Mezzell olacaq. Rouz şirkətin idarə heyətinin sədri və əsas məsləhətçilərdən biri kimi fəaliyyət göstərəcək. Aleksis Ohanian isə idarə heyətinin üzvü və məsləhətçi olacaq.

Uğurdan süquta: "Digg"in çətin keçmişi

2004-cü ildə Kevin Rouz tərəfindən yaradılan "Digg" internet istifadəçilərinə məlumat əldə etməyin və bölüşməyin yeni yolunu təqdim etməyi hədəfləyirdi. Web 2.0 inqilabının simvollarından birinə çevrilən platforma istifadəçilərin tapdıqları məzmunları səsvermə yolu ilə populyarlaşdırdığı bir sistem qurmuşdu. "Digg" xüsusilə bloqlar, xəbər saytları və müstəqil məzmun istehsalçıları üçün mühüm trafik mənbəyinə çevrilmişdi. O dövrdə internetin gündəmini müəyyənləşdirən əsas platformalardan biri idi.

Lakin zamanla "Reddit" kimi rəqiblərin yüksəlişi və istifadəçi tələblərinə cavab verə bilməməsi "Digg"in populyarlığını itirməsinə səbəb oldu. 2010-cu illərin əvvəllərində edilən bəzi strateji dəyişikliklər – məsələn, interfeys dəyişikliyi və istifadəçidən uzaqlaşan qərarlar – platformanın sadiq auditoriyasını itirməsi ilə nəticələndi. Nəticədə "Digg" sürətlə böyüyən rəqiblərinə qarşı dayana bilmədi və bir müddət sonra internetin unudulmuş guşələrindən birinə çevrildi.

Bütün bunlara baxmayaraq, "Digg"in sektora gətirdiyi yeniliklər unudulmadı. Platformanın səsvermə sistemi sosial media nəhənglərinin alqoritmlərinə təsir göstərdi. Bu gün gördüyümüz "bəyən" və "paylaş" mədəniyyətinin təməli qismən "Digg" ilə qoyuldu. İndi isə Kevin Rouz və Aleksis Ohanianın rəhbərliyi altında geri dönən "Digg", yalnız keçmişin uğurlarından dərs çıxarmaqla kifayətlənməyib, yeni texnologiyalarla gələcəyi formalaşdırmağı planlaşdırır. \\Qaynarinfo

Seçilən
40
hurriyyet.az

1Mənbələr