AZ

Dilqəm Məhərrəmovun sertifikatı ləğv olundu? – Danışmaqdan imtina etdi

Səhiyyə Nazirliyi Dilqəm Məhərrəmovun sertifikasiya şəhadətnaməsini ləğv edibmi?

Səhiyyə Nazirliyi tərəfindən 10-a yaxın estetik cərrahın sertifikasiya şəhadətnamələrinin ləğv edilməsi ilə bağlı məlumatlar yayılıb. Bu cərrahlar arasında məşhur plastik rekonstruktiv cərrah Dilqəm Məhərrəmovun da adı çəkilir.

Məlumatlara görə, Dilqəm Məhərrəmovun sertifikasiya şəhadətnaməsinin müddəti 2 mart 2025-ci ildə başa çatırdı. Sertifikatın yenilənməsi üçün Səhiyyə Nazirliyi tərəfindən təşkil edilən kurslarda iştirak və imtahan tələbi olsa da, cərrahın bu proseslərdə iştirak etmədiyi bildirilir. Bu səbəbdən onun sertifikatının müddətinin uzadılmayacağı qeyd olunub.

Buna baxmayaraq, “Baku Medical Plaza”nın “Medilux” filialının daxil olduğu “AZERA Holdinq”-in biznesin inkişafı departamentinin rəhbəri Elnur Kələntərov yayılan məlumatların həqiqəti əks etdirmədiyini və Dilqəm Məhərrəmovun işinin başında olduğunu bildirib.

6 mart 2025-ci il tarixinə olan məlumata görə, cərrahın sertifikasiya şəhadətnaməsinin yenilənməsi ilə bağlı rəsmi təsdiqedici məlumat mövcud deyil. Bu səbəbdən Səhiyyə Nazirliyinə sorğu ünvanlanıb.

Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdürü Elvin Hacıyev Ajans.az-a açıqlamasında bildirib ki, 24.01.2025-ci il tarixli əmrlə plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılması məqsədilə Xüsusi Təftiş Komissiyası yaradılıb: “Sözügedən komissiyanın işinin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.”

Məsələ ilə bağlı Dilqəm Məhərrəmovdan da açıqlama almağa çalışılıb, lakin cərrahın köməkçisi bu barədə danışmaq istəməyərək sualların cavabsız qalmasını təmin edib. Əgər cərrah sertifikasiyadan keçmiş olsaydı, bu barədə açıqlama verərdi. Bu isə belə bir qənaətə gəlməyə səbəb olur ki, Dilqəm Məhərrəmov hazırda şəhadətnamə almaq üçün çalışır.

Seçilən
18
5
minval.info

6Mənbələr