AZ

Qəhrəmanlar anası

Bu qəhrəmanlar anası Ziba Əsgərlidir. Nurlan balası 2016-cı ildə məlum Aprel döyüşlərində, digər oğlu İntiqam isə 2020-ci ildə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıblar. Dağ ürəkli ana nəinki bu itkilərin ağrısına mətanətlə dözür, eyni zamanda, övladlarının Vətən uğrunda döyüşlərdə həlak olmasından həmişə qürurla danışır.

Ziba xanımın adını atası İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərən Ziba Qəniyevaya görə belə qoyubmuş. Sən demə, zaman ötüb vaxt gələcəkmiş ki, onun Nurlan balası ərazi bütövlüyümüz uğrunda döyüşlərdə igidliklə həlak olub cənnət nuruna qərq olacaq, adını İntiqam qoyduğu o biri oğlu da torpaqlarımıza göz dikənlərdən intiqam alacaq.

Ana deyir ki, hər iki oğlunun hərb sahəsini seçməsi ilə fəxr edib. Çünki onlar Ziba xanımın arzularımı gerçəkləşdirirdilər. Nurlanla son görüşündə onu qucaqlayanda balasından elə bir qoxu gəlib ki, az qalıb bihuş olsun. “O qoxu heç bir yerdə yoxdur” – deyir Ziba xanım.

İki qardaş məlum Aprel döyüşlərində birlikdə iştirak ediblər. 20 yaşlı Nurlan şəhid olanda onun nəşini döyüş meydanından İntiqam özü çiynində çıxarıb. Nurlan ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının

Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. Xüsusi Təyinatlıların kəşfiyyatçı giziri, 30 yaşlı İntiqam Əsgərli isə Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, medallarla təltif edilib.

İntiqamla son görüşünü Ziba xanım belə xatırlayır: “Sentyabrın 25-i axşam bizimlə halallaşmaq üçün kəndə gəldi. Evdə təkcə mənə müharibənin başlayacağını dedi. Həmin gün gecə saat 1-ə qədər danışdıq. Nurlanın xatirəsinə bir guşə düzəltmişik, İntiqam səhər saat 5-ə qədər o otaqdan çıxmadı. Səhər sübhdən namaz qıldı və hava açılmamış getdi. Gedərkən məndən halallıq istədi və telefonunu çıxarıb verdi. Dedi ki, ana, heç kim bilməsin hardadır, hamı düşünsün ki, hərbi hissədədir. Döyüşə gedirik. Halallıq verdim, ehtiyatlı ol, ümidimiz sənsən, – dedim balama. Axırıncı dəfə oktyabrın 18-i danışdıq. Dedim ki, anan qurban, kaş quş olub uçaydım yanına, düşmənin birini sən vuranda, birini də mən vuraydım. Dedi ki, ana, ehtiyac yoxdur, burda elə igid oğullar var ki”...

İntiqam 2020-ci il noyabrın 8-nə qədər bütün döyüşlərdə – Şuşada əlbəyaxa və dağa dırmanmayadək iştirak edib. Komandiri ona geri qayıtmağı məsləhət görüb. Lakin İntiqam razı olmayıb. Onda deyib ki, mən qarşıma qisas almağı məqsəd qoymuşam. Belə bir vaxtda geri çəkilsəm, anam məni bağışlamaz”. Və o, Şuşanın alındığı gün orada həlak olub.

Bu da ananın sözləridir: “Yoldaşıma da demişəm ki, nə sənin, nə də mənim ağlamağa haqqımız var. Çünki ikisi də bizim övladımızıdır. Nurlan vurulanda orada ən çox ağrı-acını yaşayan İntiqam olmuşdu. Çünki qardaşı və dostları gözünün qarşısında şəhid olmuşdular. Son günə qədər İntiqam məni ağlayan görmədi. Həmişə onunla qürur duyduğumu dedim. Bir dəfə soruşdum ki, Nurlan nədənsə qorxumurdu ki? Dedi: “Yox, ana, o, həmişə mənə heç nə olmasın deyə, özünü önə atırdı”.

Sonda Ziba xanım bunları dedi: “Mən əsgərlərimiz və qazilərimiz ilə qürur duyuram, qazilərə Allahdan şəfa diləyirəm. Çünki şəhidlərin şahidi onlardı. Şəhid analarına isə sözüm budur ki, heç vaxt başınızı aşağı dikməyin. Düşmən bizim əyildiyimizi görməməlidir. Şəhidlər bizim üçün müqəddəsdir”.

Ə.DOSTƏLİ
XQ

Seçilən
15
xalqqazeti.az

1Mənbələr