AZ

Ümummilli liderin anası

Comərdli qırğınında doğmalarını itirmiş İzzət xanım sağ qalanlara analıq etmişdi

Orta məktəbdə oxuduğum illərdən ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı yazılan kitabları, müxtəlif qaynaqları dərin sevgi ilə oxuyub, qeydlər götürmüşəm. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev irsinə sonsuz marağımın verdiyi materiallar silsilə məqaləyə çevrilib.

Ulu öndərin anası İzzət xanım haqqında da yazmışam. Bu dəfə isə dünya şöhrətli siyasətçi və dövlət xadimi, ulu öndər Heydər Əliyevin anası İzzət xanım Əliyevanın öz övladları ilə birlikdə böyütdüyü, tərbiyə etdiyi və təhsil verdiyi insanlardan söhbət açmaq istəyirəm. Bu mövzuda oxuduğum kitablardan biri də Şəfiqə xanım Əliyevanın böyük sevgiylə yazdığı “Mənim anam” xatirələr toplusudur. Bu kitabın işığında qələmə aldığım yazını qadınlarımızın əziz günü olan 8 Martda “Xalq qəzeti”nin oxucularına təqdim edirəm.

1918-ci ilin yayı idi. Zəngəzur dağları füsunkar gözəlliyə qovuşmuşdu. Amma xəyanətkar ermənilər yenə də baş qaldırmışdılar. 1828-ci ildən sonra İrandan Zəngəzur kəndlərinə köçürülən ermənilər silahlı dəstələr düzəldib müsəlman kəndlərinə hücum edirdilər. Hətta general Andranikin başçılıq etdiyi birləşmiş hərbi hissələrdə təlim görmüş əsgərlər Culfa körpüsündən keçərək Əlincə dərəsi ilə gəlib Zəngəzura dolmuşdular.

Dronun və Njdenin quldur dəstələri ilə birləşmiş Andranikin silahlı bandası ağlasığmaz vəhşiliklər törədirdilər. Zəngəzur başdan-başa – Qafan, Gorus, Sisyan, Mehri, Zəngilan, Qubadlı, Laçın od içində idi. Statistik məlumata əsasən, bu qəzada noyabrın sonuna kimi erməni quldur dəstələri 115 azərbaycanlı kəndini yandırıb məhv etmişdilər. O kəndlərdən biri də Comərdli idi.

Erməni quldurları Comərdliyə 2 dəfə hücum etmişlər. Birinci dəfə kəndi ala bilməmiş və məğlub olub geri dönmüşdülər. İkinci dəfə hücum edən silahlı, təlim görmüş quldur dəstələri Comərdlini tutmuş və camaatını min bir əzabla qırmışdılar. Yaylaqda olanlar və sağ qalan ailələr Əlincə dərəsi tərəfə keçərək xilas olmuşlar. Ulu öndər barədə dəyərli əsərlər yazmış Elmira Axundova həmin qırğını belə qələmə alıb: “Heydər Əliyevin qardaşı Aqil Əliyev isə nəslin faciəli aqibəti barədə anasının söhbətlərini belə xatırlayır: “Kəndimiz bir tərəfdən amfiteatr şəklində dağlarla əhatə olunmuşdu. Ovalığa, oradan da çaya yalnız bir çıxış vardı. Anam danışırdı ki, 1918-ci ildə Andranikin ordusu kəndi tamamilə əhatəyə aldı. Kim bacardısa, mühasirədən çıxa bildi. Nəslimizin ağsaqqalları qırıldılar. Anamın 7 qardaşından biri də salamat qalmadı. Atamın da bir neçə qardaşından bircə o, özü və Zeynalabdin əmim sağ qaldı”.

Yeri gəlmişkən, Comərdli kəndinin faciəsi unudulmaz yazıçı Əyyub Abbasovun yazdığı “Zəngəzur” romanında ətraflı təsvir olunub.

Naxçıvan diyarının Ərəfsə, Saltaq, Milax, Qazançı kəndləri Comərdlidən və ona yaxın kəndlərdən gələn qaçqınlarla dolmuşdu. Onlar Zəngəzurdan Mərcanlı yaylaqlarına qalxmış və qədim karvan yolu ilə gəlib Ərəfsədə qərar tutmuş, sonra isə oraya yaxın Milax və Qazançıda yerləşmişdilər.

Qeyd edək ki, Zəngəzurun Murxuz və ətraf yerlərindən gələnlər Qırxlar pirindən və Eşşək meydanından (Keçi qalasına yaxın) keçərək Boyəhməd və Ləkətağ (Babalı) kəndlərində müvəqqəti yerləşmiş, sonralar isə Qazançı kəndinə getmişdilər.

Heydər Əliyevin anası İzzət xanım bir çox doğmalarını itirmiş və öz qohumu Nazlı ilə Qazançıya gəlmişdi. Qazançı Naxçıvanın qədim kəndlərindəndir. Bu kəndin ərazisindəki Qazançı qalasının tarixi eradan əvvəl III–I minilliyin əvvəllərinə aiddir. Kəndin müəllimi Zakir Həsənov Qazançı qalasına gedəndə mənə bələdçilik edib və çoxlu məlumat verib. Hətta ürək ağrısı ilə 1984-cü ildə Saratovdan gələn erməni mütəxəssislərin bu tarixi qalanı partlatmalarından söhbət açıb. Burada süni göl yaratmaq bəhanəsi ilə tarixi qalanı yox etmək istəyiblər.

Məqsəd aydındır 1918–1920-ci illərdə istəsələr də, Qazançı qalasını erməniləşdirə bilməyiblər. General Lazarev 1828-ci ildə erməniləri İrandan buraya da köçürmüşdü. çar Rusiyasının həmin illərə aid tərtib etdiyi kameral siyahılarda ermənilərin buraya köçürülməsi əksini tapıb.

Zakir müəllim Qazançı kəndindən cənubda vüqarla ucalan Berdik dağını göstərərək qeyd edib ki, orada iki bulağın arasında kənd yeri var. Həmin ərazi “Kitabi-Dədə-Qorqud”dakı Qazan xanın adı ilə bağlıdır. Qədim türk tayfası Qazançılar bu kəndin tarixi sahibi imiş. Qazançı kəndinin mərkəzində qədim ibadətgah da olub. Gəlmələr oranı erməni kilsəsinə çevirmişdilər. Qazançı kəndində yaşayan tayfalar Əlirzalılar, Cinlilər, Kərbalayı İsmayıllılar, Hacılılar, Allahqulular, Şahnəzərlilər, Babalılar olublar.

Əvvəlki söhbətimizə qayıdaq. İzzət xanım bir müddət öz qohumu Nazlı ilə birlikdə Qazançı kəndində qalıb. Nazlının həyat yoldaşı Əbdülrəhman Əbülfəzlə qardaş idi. Onlar Comərdli kəndindən idilər. Sonralar İzzət xanım Naxçıvanda yaşayan Əlirza Əliyevlə ailə quraraq bu şəhərə köçüb. Nazlı Baxşəliyeva isə ömrünün sonuna kimi Qazançıda yaşayıb. Onun 3 övladı olub: Seyfəddin, Sona və Rəxşəndə.

Seyfəddin 18 yaşında vəfat edib, Sona Bakıda yaşayıb. Rəxşəndə isə həyat yoldaşı Abbasla Qazançıda yaşayıb. Abbas 1943-cü ildə II Dünya müharibəsinə gedib. Gələndən sonra yenə də Qazançı kəndində yaşayıb.

Rəxşəndənin Məhəmmədəli adlı oğlu və Xəzangül adlı qızı olub. Məhəmmədəlinin övladları: Fiqarə, Seyfəddin, Rəfayə, Nüşabə, Nazlı və Seymur (o, Sankt-Peterburqda ali təhsil alıb, Naxçıvanda işləyir və yaşayır). Xəzangülün övladları isə əsasən Qahab kəndində yaşayırlar. Ermənilərin öldürdüyü Əbülfəzin qızı Səkinəni (Səhnəni) İzzət xanım böyüdüb.

Nazlı xanımın yanında yaşayan Səkinə Sürəməlik kəndindən olan Əbdüllə ailə qurmuş və Məhəmmədəli (1919–?) adlı oğlu olub. Məhəmmədəli Dünya müharibəsində həlak olub. Arxiv sənədlərində Səkinənin soyadı İbrahimova yazılıb. Qonşuların dediyinə görə, Səkinə Əbülfəz qızının kədərli taleyi olub. Ömrünün sonuna kimi oğlunun cəbhədən dönməsini gözləyib.

“Zəngəzur tarixində Şıxlar. Dünən, bu gün” (I hissə. Bakı – 2018, müəlliflər: C.Mahmudov və M.Mahmudov) kitabında İzzət xanımın ana tərəfdən babaları haqqında məlumat da var: “Ocaqqulu tayfasının bir qolu da Heydər Mirzə oğludur. Onun övladları Sarabəyim, Şamama, Əli, Qulu, Hüseynquludur. Sarabəyim ulu öndər Heydər Əliyevin nənəsi, İzzət xanımın anasıdır. Sarabəyimlə Cəfərin övladları: İzzət, Heydər, Hüseyn. Heydəri 1920-ci ildə 23 yaşında bacısı İzzət xanımın gözü qarşısında erməni daşnakları öldürüb”.

Şəfiqə Əliyeva “Mənim anam” kitabında yazır: “Anam İzzət xanımın 4 qardaşı olmuşdu. Onlardan 3-ü ailəli, sonbeşik qardaşı Heydər isə nişanlı imiş. Anam özünün dediyi kimi, ondan bir yaş kiçik olan sonbeşik qardaşını çox sevirmiş. 23 yaşlı bu yaraşıqlı gənci 1920-ci ildə erməni daşnaklar Comərdli kəndinə hücum edərkən qətlə yetirmişlər. Bəlkə də kiçik dayım Heydərin faciəli şəkildə öldürülüb, üzüquylu torpağa düşdüyünü gözləri ilə gördüyü üçün anam onu heç cür unuda bilmirdi”.

İzzət xanımın atası Cəfərqulu isə həyat yoldaşı Əlirza Əliyevin uzaq qohumudur, Comərdli kəndindəndir. İzzət xanımın ata tərəfdən ulu babası Comərd olub. Comərd Alagöz Məhəmmədin qardaşıdır. Comərdin varislərindən olan Məhəmmədəli İzzət xanımın babasıdır. Mənim valideynlərim də Əlirza Əliyevlə İzzət xanımı yaxşı tanıyırdılar və bu ailəyə ehtiramları var idi. İzzət xanımın yaşadığı məhəllədə bu gün də qonşularının varisləri onun xeyirxahlığından, səxavətindən və səmimiyyətindən ürəkdolusu danışırlar.

İzzət xanım (1895–1957) Naxçıvanda yaşadığı illərdə 1918–1920-ci illərdə itkin düşən qohumlarından, yaxud onların uşaqlarından xəbər tuta bilmişdi. Çünki o dəhşətli illərdə Qazançı, İşıqlar, Milax, Saltax və digər kəndlər Zəngəzur qaçqınlarının pənah gətirdiyi kəndlər idi. O, axtarışlar nəticəsində qardaşı Nəcəfin qızı Məsməni axtarıb tapmış və evə gətirmişdi. Məsmə (1913–1978) ailə qurana qədər Əliyevlərlə yaşamışdı. Təhsil alan Məsmə sonralar Qarabağlar kəndindən olan Abbasəli Babayevlə ailə qurmuşdu. Onların Səkinə adlı qızları olub.

İzzət xanım qardaşı Hüseynin övladlarını da – Rzaqulu və Humayı axtarıb tapıb və onların da təhsil almaları üçün əlindən gələni əsirgəməyib. Hüseynin (Hüseynqulunun) Səkinə adlı bir qızı da olub. Onun oğlu Allahverdini də İzzət xanım böyüdüb.

Şəfiqə xanım yazır: “Kim bilir, bəlkə də mən Əyyub Abbasovun bu romanını oxumasaydım, bu qədər incəliklərə varmazdım. Hər halda etiraf edim ki, “Zəngəzur” romanı mənə bütün kitablardan doğma və yaxındır. Çünki o, mənim anamın acı yaşantılarını özündə əks etdirən yeganə kitabdır”.

Hər dəfə Batabata yolum düşəndə Şahbuz rayonunun ucqar bir dağ kəndində yolun kənarındakı mağazanın önündə öz kiçik oğlunu gecənin soyuğundan qorumaq üçün qucaqlayan bir Ana abidəsini gözlərim önünə gətirirəm. Ümummilli lider Heydər Əliyevin ilk bioqraflarından biri olan Elmira Axundovanın yazdığı “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı çoxcildlik tədqiqatın bura ilə bağlı bir hissəsində oxuyuruq: “Batabata gedən yolda Kolanı kəndinin yanından keçirdik. Heydər Əliyev qəflətən sürücüdən mağazanın yanında saxlamağı xahiş etdi. Gördüm ki, o, fikrə getdi, qəmləndi. Hətta gözləri yaşardı. Bir qədər dayanandan sonra dedi ki, sür gedək.

– Heydər Əliyeviç, nə oldu? Niyə əhvalınız pozuldu? – deyə soruşdum.

– Kamran, – deyə cavab verdi. – Uşaq vaxtı anamla birlikdə əmim Zeynalabdinin yanına, Sisian rayonuna gedərdik. O vaxt başqa maşın yox idi, yalnız yük maşınları idi. Naxçıvanda yük maşınına mindik, bura – Kolanıya çatanda biz anamla kuzovda qaldıq. Heç kim də bizə evində gecələməyi təklif etmədi. Səhərə qədər anamla qucaqlaşıb bir-birimizi nəfəsimizlə isitdik. Allaha şükür ki, heç birimiz də soyuqlamadıq”.

İzzət xanımın bibisi Sona xanım (1858-ci ildə doğulub) da qızı Səkinə ilə birlikdə 1918-ci ildə Naxçıvana pənah gətirmişdi. Səkinə (1912-ci ildə doğulub) Saltax kəndində yaşayan Abbas Vəliyevlə ailə qurub, Həsən, Qəhrəman, Leyla, Əli, Zəhra Küsün və Fatma adlı övladları olub. Sona xanım ömrünün sonuna kimi həmin kənddə yaşayıb. Varislərin dediyinə görə, İzzət xanım həmişə onlarla əlaqə saxlamış və köməkliyini əsirgəməmişdir. İzzət xanımın övladları da Sona xanımı görməyə gəlirmişlər.

İzzət xanım öz övladlarını və erməni daşnaklarının vəhşicəsinə qətlə yetirdikləri qardaşlarının da balalarını böyüdüb. Onlar hamısı doğma Azərbaycanın tərəqqisində ləyaqətlə və sədaqətlə xidmət ediblər. Bu gün onların varisləri də həmin ənənəni davam etdirirlər.

Musa RƏHİMOĞLU,
AMEA Naxçıvan Bölməsinin aparıcı elmi işçisi, fəlsəfə doktoru

Seçilən
16
xalqqazeti.az

1Mənbələr