AZ

Nazirlik eyni binanın tikintisi üçün yenidən eyni şirkətə milyonlar ayırdı - Qalib şirkət kimindir?

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Yevlax rayonunda Olimpiya İdman Kompleksinin tikintisi işlərinə yenidən bir neçə milyon manat vəsait ayırıb. 

Valyuta.Az xəbər verir ki, ayrılan vəsait tam olaraq 3.656.589,97 AZN təşkil edir. Bununla da 28 dekabr 2023-cü il tarixində ayrılan 18.197.058,59 AZN ilə birlikdə Olimpiya İdman Kompleksinin tikintisinə ayrılan vəsaitin ümumi həcmi 21 milyon manatı ötüb.

Məlumata əsasən, Nazirliyin "Yevlax rayonunda Olimpiya İdman Kompleksinin tikintisi işlərinin davamının satın alınması" başlığı ilə elan etdiyi tenderin qalibi yenə “Hovers Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1501843641) olub. 

Xatırladaq ki, 28 dekabr 2023-cü ildə sözügedən Kompleksin tikintisi üzrə malların (işlərin və xidmətlərin) satın alınması ilə bağlı elan edilən və yekundə 18 milyon manatdan artıq vəsaitin ayrıldığı tenderin qalibi də “Hovers Group” Məhdud Məsuliyyətli Cəmiyyət olmuşdu. 

“Hovers Group” MMC öncələr də dövlət qurumları tərəfindən elan edilən və dəyəri milyon manatlarla ölçülən bir çox tenderlərin qalibi olub. 

Dəyəri milyon manatdan çox olan tenderlərin bəzilərini təqdim edirik: 

- 4 mart 2020-ci il tarixində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə 3.093.393,69 AZN-lik müqavilə

- 08 iyun 2023-cü il tarixində  "MİDA" MMC ilə 13.490.812,68 AZN-lik müqavilə

- 13 iyul 2023-cü ildə "MİDA" MMC ilə 10.404.026 AZN-lik müqavilə

- 24 iyul 2024-cü il tarixində yenidən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə 13.818.845,31 AZN-lik müqavilə 

- 29 dekabr 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi ilə 12.430.027,54 AZN-lik müqavilə

- 28 yanvar 2025-ci il tarixində  Su Meliorasiya Xidməti PHŞ ilə 28.740.000,9 AZN-lik müqavilə.

Əlavə edək ki, “Hovers Group” Məhdud Məsuliyyətli Cəmiyyəti 1 iyul 2011-ci ildə dövlət qeydiyyatına alınıb.

MMC-nin rəsmi saytında şirkətin 1 iyul 2011-ci ildə İlqar Zeynalov tərəfindən təsis edildiyi göstərilib.

Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrinə daxil edilən məlumatlarındakı dəyişikliklərin tarixçəsinə nəzər saldıqda isə görürük ki, təsisçi Zeynalov İlqar Adgözəl oğlu yox, Mehdizadə Səbuhi Knyaz oğludur.

Şirkət təsis edildiyi zaman qanuni təmsilçisi olan Mehdizadə Səbuhi Knyaz oğlu müxtəlif zamanlarda kənd təsərrüfatı nazirinin müşaviri, “Təmiz şəhər” ASC-nin İdarə Heyəti sədrinin müavini, İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru, Azərbaycan Stolüstü Tennis Federasiyasının Baş katibi, “Azərbaycan Respublikasının Ağır Atletika Federasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini vəzifələrində çalışıb. 

Ötən il isə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevə müavin təyin edilib.

Müxtəlif zamanlarda şirkətin qanuni təmsilçisi Mehdizadə Səbuhi Knyaz oğlu, Hümbətov Cəmşid Ellər oğlu, Rəhimov Şəhriyar Kamal oğlu, Hacıyeva Şərqiyə Mustafa qızı və Zeynalov İlqar Adgözəl oğlu olub.

Təsis edildiyi zaman nizamnamə kapitalı 20 AZN təşkil etsə də 13 dekabr 2017-ci ildə nizamnamə kapitalı 345 720 manata qaldırılıb. Şirkətin hazırki qanuni təmsilçisi elə Zeynalov İlqar Adgözəl oğludur.    

Rəhim

Seçilən
47
valyuta.az

1Mənbələr