"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 26-cı turunun "Araz-Naxçıvan"la matçı dəyərləndirib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.
- Çox qısa deyəcəm, futbolçularımı təbrik edirəm. Azarkeşlərimizə təşəkkür edirəm ki, bizimlə oldular. Çox vacib üç xal əldə etdik.
- Meydanda mübahisə düşdü. Bu məsələ ilə bağlı fikirləriniz necədir?
- Fikir bildiriləsi bir şey yoxdur. Oyun başlayanda rəqib aqressiv idi. Sonda da aqressiya belə hadisəyə çevrildi. Futbolda olan hadisələrdir. Kütləvi atışmalar olur. İstəməzdim ki, olsun. Çox aqressiv əl-qol atmaq, hansısa ifadələr işləmək doğru deyil.
- Yayda transfer çox olacaq?
- Ola bilər. Futbolçuların klubları ilə müqaviləsi olur. İstədiyimiz vaxtda rahatlıqla oyunçu götürə bilmərik. Söz verə bilmərəm neçə transfer olacaq. Amma axtarırıq, baxırıq. Dəyişikliklər gözlənilir.
- Üç klubun da gələcəyini nəzərə alsaq, növbəti mövsüm gərgin olacaq? Legioner limitinin ləğvinin təsiri necə ola bilər?
- Bilmirəm. Amma fərq olacaq. Hansı formada olacaq, deyə bilmərəm. Komandaların sayı artır. Fərqli-fərqli oyunlar çox olacaq. Ola bilər ki, çempionat daha da aktivləşləsin.
- Yeni mövsümdə Premyer Liqada oyun sayı 36 yox, 33 olacaq. Bu, sırf "Qarabağ" üçün problemdir?
- Yox, inanmıram. Çünki oyun sayı heç də az deyil. Kubok matçları da olacaq. Əsas keyfiyyətdir. Eybi yox, oyun sayı az olsun, amma keyfiyyət yüksək olsun. Onda inkişaf da olacaq. (Sportal.az)