“Yuventus”un fransalı hücumçusu Randal Kolo Muani fevral ayının yekunlarına əsasən, İtaliya A Seriyasının ən yaxşı oyunçusu seçilib.
Arena.az bu barədə İtaliya A Seriyasının rəsmi saytına istinadən məlumat verir.
Ötən ay Muani Turin klubunun heyətində A Seriyasında 4 oyunda iştirak edib. O, bu oyunlarda 4 qol vurub, 1 məhsuldar ötürmə verib.
Xatırladaq ki, “Yuventus” Randal Kolo Muanini cari mövsümün sonuna qədər müddətə icarəyə götürüb. Randalın yarım illik icarəsi “qoca sinyora”ya 3,6 milyon avro məbləğ müqabilində başa gəlib. Kolo Muani “byankoneri”nin heyətində “20” nömrə altında çıxış edir.
Randal Kolo Muani yeniyetməlik illərində “Vilpent”, “Tramble” və “Torsi” klublarında çıxış etdikdən sonra, “Nant”a yol tapıb və “bülbüllər”in heyətində böyük futbolda debüt edib. Ardınca “Bulyon”da icarə əsasında çıxış etmiş Kolo Muani daha sonra Frankfut “Ayntraxt”ının heyətində çıxışı ilə diqqət cəlb edib. PSJ 2023-cü iln sentyabr ayında fransalı futbolçunu 95 milyon avro məbləğ müqabilində “Ayntraxt”dan tamhüquqlu əsasda Paris klubunun düşərgəsinə qatıb. Kolo Muaninin Fransa nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci iliin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Kolo Muani PSJ üçün bütün yarışlarda 14 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə verib. Randalın PSJ-nin heyətində çıxışının ümumi mənzərəsi 54 oyun, 11 qol və 7 məhsuldar ötürmədən ibarətdir.
Fransalı futbolçunun “Yuventus”dakı çıxışı da uğurlu alınıb, Kolo Muani “qoca sinyora” üçün 9 oyunda 5 qol vurub, 2 assist edib.
Kolo Muani 2022-ci ilin sentyabrında debüt etdiyi Fransa yığmasının heyətində 27 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə verib.
Kolo Muaninin qənimətlər muzeyində PSJ ilə 2023/2024-cü illər mövsümündə qazandığı Fransa Liqa 1 çempionluğu, Fransa Kuboku və Fransa Super Kuboku var. Kolo Muani həmçinin “Nant”la Fransa Kubokunun (2021/2022) qalibi olub.
Transfermarkt internet-portalı 26 yaşlı hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.
Muani karyerasında ilk dəfə A Seriyasının ən yaxşı oyunçusu seçilir.
Bu mövsüm A Seriyasında ayın ən yaxşısı seçilmiş futbolçuların siyahısı belədir:
Avqust 2024 – Markus Türam (“İnter”)
Sentyabr 2024 – Xviça Kvaratsxeliya (“Napoli”)
Oktyabr 2024 – Mateo Reteqi (“Atalanta”)
Noyabr 2024 – Moyze Kin (“Fiorentina”)
Dekabr 2024 – Paulo Dibala (“Roma”)
Yanvar 2025 – Andre-Frank Zambo Anqissa (“Napoli”)