AZ

Ukrayna 195 milyon avro məbləğində hərbi yardım alacaq

Fransa dondurulmuş Rusiyanın aktivlərinə hesablanmış faizlərdən istifadə etməklə Ukraynaya 195 milyon avro dəyərində hərbi yardım edəcək.

Yenisabah.az “La Tribune”a istinadla xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastien Lekornu bildirib.

“Əlavə yardım 155 mm-lik mərmilərin, eləcə də Ukraynanın “Mirage 2000” təyyarələrinin daşıdığı AASM sürüşmə bombalarının çatdırılmasına imkan verəcək”, - Lekornu bildirib.

O əlavə edib ki, Fransa köhnəlmiş texnikanın, o cümlədən tank və zirehli texnikanın Ukraynaya təhvil verilməsini sürətləndirir.

2024-cü ilin oktyabrında G7 ölkələri Ukraynaya Rusiyanın xaricdəki aktivlərindən əldə edilən gəlirlər hesabına təxminən 50 milyard dollar kredit ayırmaq barədə razılığa gəliblər.

Fransanın açıqlaması Britaniyanın Ukrayna ilə martın 1-də ölkəyə dondurulmuş Rusiya aktivləri ilə təminatla 2,26 milyard funt sterlinq (2,84 milyard dollar) kredit ayırmaq üçün müqavilə imzalamasından bir neçə gün sonraya təsadüf edib.

Böyük Britaniyanın Maliyyə Nazirliyi kreditin “Ukraynanın ehtiyaclarına uyğun olaraq müdafiə avadanlığının alınmasına” sərf ediləcəyini bildirib.

Qərb ölkələri Rusiyanın 300 milyard dollarlıq aktivlərini dondurub, lakin onlar yalnız bu fondların əldə etdiyi illik gəliri əldə edə bilirlər ki, bu da təxminən 3,2 milyard dollar təşkil edir.

Bu gəlirlər Kiyevə 50 milyard dollarlıq kreditin ödənilməsinə sərf olunacaq.


Telegram kanalımız
Seçilən
15
1
yenisabah.az

10Mənbələr