Argentinalı hücumçu Lionel Messi ardıcıl 3-cü oyun "İnter Mayami"yə lazım olmayıb.
Offsideplus.az xəbər verir ki, 37 yaşlı ulduz futbolçu bu gecə ABŞ çempionatı MLS-in III turunda "Şarlott"la ev matçını kənardan izləyib. Ehtiyat oyunçular skamyasında oturan futbolçuya sonadək ehtiyac duyulmayıb.
Görüş "İnter Mayami"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Xavyer Maskeranonun yetirmələri azlıqda qələbə qazanıblar. Belə ki, Mayami təmsilçisinin qapıçısı Oskar Ustari 38-ci dəqiqədə qırmızı vərəqə alıb. Buna baxmayaraq, meydan sahibləri fasilədən qayıdan kimi Tadeo Alyendenin sayəsində qarşılaşmanın taleyini həll edən yeganə qolu vurublar.
Bu, "İnter Mayami"nin cari mövsümdə ardıcıl ikinci qələbəsi olub. Hazırda komanda 7 xalla Şərq zonasında 2-ci pillədə qərarlaşıb. Növbəti matç martın 17-də səfərdə "Atlanta"ya qarşı keçiriləcək.
Qeyd edək ki, Lionel Messi bundan öncə MLS-də "Hyuston Dinamo", CONCACAF Çepmpionlar Liqasının 1/8 finalında isə Yamaykanın "Kavalyer" klubları ilə matçları buraxıb. Məşqçilər korpusu hücumçunu artıq yüklənmədən qorumaq məqsədilə bu 2 görüşdə onun adını heç protokola daxil etməyib.