AZ

“Uzun fasilədən sonra böyük futbolu rayonumuza qaytaracağımıza heç şübhə olmasın”

I Liqada çıxış edən “İmişli” bəyanat yayıb.

Sportinfo.az xəbər verir ki, Aran təmsilçisinin rəhbərliyi son günlərdə mətbuatda yayılan xəbərlərlə əlaqədar klubun mövqeyini açıqlayıb:

“Hörmətli ictimaiyyət və dəyərli “İmişli” PFK azarkeşləri! Son zamanlar müəyyən mətbuat orqanlarında və sosial mediada “İmişli” PFK haqqında bir neçə həqiqəti əks etdirməyən, silsilə məlumatlar paylaşılmış və çap etdirilmişdir. Ən son olaraq isə “Mingəçevir” FK ilə keçirilmiş oyundan sonra müəyyən KİV-lərdə “İmişli”nin Premyer Liqada oynamaqdan imtina etməsi ilə bağlı yalan, heç bir əsası olmayan və təəssüfedici məlumatlar dərc edilmişdir. Dəyərli ictimaiyyət! Əziz azarkeşlərimiz! Klub olaraq, rəhbərlik, məşqçilər korpusu, futbolçu heyəti və bütün işçi qrupu məhz bu mövsüm üçün Misli Premyer Liqasına yüksəlmək üçün əlimizdən gələni etdiyimizə və sona qədər mübarizə aparacağımıza dair sizə zəmanət veririk. “İmişli” PFK hər bir oyuna yalnız qələbə qazanmaq üçün çıxır və sizləri əmin edə bilərik ki, bu daim yalnız və yalnız belə olacaqdır. Onu da nəzərinizə çatdırmaq istərdik ki, keçən futbol mövsümü Premyer Liqa lisenziyasını təmin etmiş və bu mövsüm I liqada çıxış edən yalnız iki klubdan biriyik. Bu mövsüm də lisenziya alınması istiqamətində ciddi işlər gedir və lisenziyanı əldə edəcəyimizə əminik. Eyni zamanda sizlərə bildirmək istərdik ki, son turdakı oyunda baş verənlərlə bağlı peşəkar araşdırılmanın aparılması ilə bağlı AFFA baş katibliyinə, Hakimlər komitəsinə və PFL-ə rəsmi müraciətlər edilmişdir. Bu məsələ klub rəhbərliyinin tam diqqətindədir. “İmişli” Peşəkar Futbol Klubu hər zaman ictimaiyyətə kifayət qədər açıq olmuş və bundan sonra da belə olacaqdır. Buna heç kəsin şübhəsi olmasın. Uzun fasilədən sonra böyük futbolu İmişliyə qaytaracağımıza bizi dəstəkləyənlərin və azarkeşlərimizin heç şübhəsi olmasın. Aran zonasını 2025-26-cı ildən etibarən Premyer Liqada ən yüksək şəkildə təmsil edə bilməyimiz yalnız siz ictimaiyyətin və dəyərli azarkeşlərimizin sona qədər dəstəyi ilə mümkün olacaqdır. Sizləri yalnız rəsmi bəyanatlara inanmağa çağırırıq. Biz birlikdə güclüyük!”

Seçilən
32
sportinfo.az

1Mənbələr