AZ

Özün və Özgə

Soltan Yol

Sən narahatsansa, qorxu rahatdır. 
*
Aşılmayan hər məqam – yetilməyən bir imkandır. 
*
İçindəki özgəliyi qına, özünü qınama. 
*
Hər səhvin arxasında özgəlik və yadlıq dayanır. 
*
Hər bir insan içdə iki insandan ibarətdir: özündən və özgəsindən. 
*
İçindəki özgəlik sənin əsarətində deyil, sən içindəki özgəliyin əsarətindəsən. 
*
Özündə olanda – ayıq olursan, özündən ayrılanda – içindəki özgəliklə bir olursan. 
*
İnsan özünü başqalarına güzəştə gedəndə özünə özgələşir, yadlaşır. 
*
Qorxduğun adamın obrazı içində varsa, yanında olmağına gərək yoxdur. 
*
İnsan özündən utananda – vicdana yenilir. 
Başqasından utananda – qorxuya yenilir. 
*
İnsanlaşmaq yolunda ən böyük maneə – qorxudur. 
*
Özünə yadlıq və özgəliyin gözüylə baxırsan, ona görə özünə inanmırsan. 
*
İçindəki yadlıq səni çölündəki yadlığa doğru dartır, ona görə özünə yox, başqalarına inanırsan. 
*
İnamsızsan – ona görə ki, içindəki yadlıq və özgəlik özündən güclüdür. 
*
Qorxaqsan – ona görə ki, içindəki özgəlik səni qıraqdakı özgəliklə qorxudur. 
*
İçində öz obrazın, təsəvvürün yoxdur, ona görə özünə inamın yoxdur. 
*
İdrak nəyi görür və təsəvvür edirsə, ona inanır. İçində başqalarının təsəvvürü, obrazı var, özününkü yoxdur. 
*
İkiləşməni aradan qaldır, içində yalnız öz obrazın olsun.
*
Özünü yaratdıqca obrazın da yaranacaq.  
*
Səhvləri özümüz ediriksə, məntiqlə onlardan xoşumuz gəlməlidir, amma sevmirik. Ona görə ki, səhvləri özümüz yox, içimizdəki özgəlik edir. 

Fevral 2025.

Seçilən
16
modern.az

1Mənbələr