ABŞ və Ukrayna nümayəndə heyətləri Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gəlib. Nümayəndə heyətlərinin bu görüşü Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında Oval kabinetdəki müzakirədən sonra ilk yüksək səviyyəli təmasdır.
Hafta.az-ın yazdığına görə, Amerika nümayəndə heyətinin tərkibinə Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkoff və milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals daxildir. Nümayəndə heyətinə dövlət katibi Marko Rubio rəhbərlik edir. Ukrayna nümayəndə heyətinə Zelenskinin müşaviri Andrey Yermak başçılıq edir. Rubio, Ukraynanın müharibəni sona çatdırmaq üçün qismən atəşkəs təklifini müsbət qarşıladığını ifadə edərək, "Münaqişənin sona çatması üçün bu cür güzəştə getməliyik" deyib.
Rubio bildirib ki, Rusiya bütün Ukrayna ərazisini ələ keçirə bilməz, rus ordusunu işğal etdikləri ərazidən çıxarmaq çətindir. Rubio Ukrayna nümayəndə heyəti ilə hərbi yardımın bərpasını da müzakirə edəcəklərini bildirib.
Moskva ilə gələcək danışıqlar üçün "Rusiyanın saziş üçün nəyi qəbul etdiyini müəyyənləşdirmək vacibdir" deyib.
Ukrayna prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla da görüşüb. Zelenski görüşün daha çox Ukraynaya verilən təhlükəsizlik zəmanətlərinə əsaslandığını bildirib. Zelenski bu gün Amerika nümayəndə heyəti ilə görüşdə Kiyevin münasibətinin konstruktiv olacağını vurğulayıb.
Digər tərəfdən, prezident Donald Trampın bu yaxınlarda Oval kabinetdə Ukrayna prezidenti Vladimir Zelenski ilə mübahisəsindən sonra ABŞ-ın bu ölkəyə hərbi yardımını müvəqqəti olaraq dayandırdığı bildirilib.