Azərbaycanın 23 yaşadək sərbəst güləşçilərdən ibarət yığması Avropa çempionu olub.

Offsideplus.az xəbər verir ki, milli komandamız Albaniyanın paytaxtı Tiranada keçirilən qitə birinciliyndə arcıdıl 4-cü dəfə bu titula sahib çıxıb.

Güləşçilərimizdən Arseniy Djioyev (86 kq) qızıl, Ceyhun Allahverdiyev (61 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq) və Fərid Cabbarov (79 kq) gümüş, Rəhman İmanov (57 kq), Murad Haqverdiyev (65 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıblar.

Yığmamızın üzvləri Avropa çempionatında ilk dəfə 10 çəkidən 9-da fəxri kürsüyə yüksəliblər. Bundan başqa, ilk dəfə 5 sərbəst güləşçimiz qitə birinciliyinin finalında qüvvəsini sınayıb. Komandamız yekun sıralamada 169 xalla şəxsi rekord müəyyənləşdirib.

Yekun sıralamada Azərbaycan ən yaxın izləyicisi olan Türkiyəni 52 xal qabaqlayıb. Ukrayna 104 xalla üçüncü yeri tutub.

Xatırladaq ki, U-23 yığmamız birinci dəfə 2022-ci ildə Avropa çempionu titulunu qazanıb.