AZ

Ara qızışsa, ruslar Bəşər Əsədi yenidən hakimiyyətə qaytara bilərlər...”

“Suriyanın indiki iqtidarına qarşı İsraillə İranın maraqları üst-üstə düşür...”
 
“Hakimiyyətə silah gücü ilə gəlmiş indiki Suriya iqtidarı ilk növbədə ölkədə tolerantlığı təmin etməli idi. Çünki  onlar öz dini ideologiyası  zəminində hakimiyyətə gəlmişdilər və onların  indiyə qədər tutduqları qətiyyətli dini mövqeni dəyişdirib, ölkədə yaşayan bütün xalqların inancına hörmətlə yanaşmalı idilər. Bunun nəticəsidir ki, Suriyanın bu və ya digər bölgələrində qanlı toqquşmalar baş verir”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında Suriyada son hərbi-siyasi gərginliyin səbəblərindən danışan siyasi analitik Tahir Cəfərli ifadə edib.
 
“Baş vermiş son münaqişənin iqtisadi səbəbi ilk növbədə  xalqın yaşayış  səviyyəsinin aşağı enməsi, ərzaq  çatışmazlığı  və ölkədə dərəbəyiliyin olmasıdır. Hakimiyyət öz səhvlərini yalnız Bəşər Əsədin üstünə atmaqla, öz hüquqlarını tələb edən xalq  kütlələrinə qarşı silaha əl atıb. Odur ki, xalq  ayağa  qalxıb. Əş-Şaraa hakimiyyəti Əl-Müxtariyyə əhalisini qida və s. vəziyyətini həll etmək əvəzinə, onları  Bəşər Əsədçi elan edib qətliam törətmişlər, bundan sonra ətraf bölgələr ayağa qalxıb, silahlı müqavimətə qoşulmuşlar. Faktiki olaraq Qərbi Suriya üsyan etmişdir. Ələvilərə qarı Əl-Müxtariyyədə kütləvi qırğın törədən yeni hakimiyyətə qarşı Qərbi Suriya ayağa qalxıb. Episentr isə Latakiyadır. Və bu etirazları silah gücünə yatırtmağa çalışan yeni Suriya hakimiyyətinin heç bir siyasi gələcəyi  olmayacağı da ortaya çıxdı”,- deyə davamında həmsöhbətimiz bildirib.
 
Tahir Cəfərli hesab edir ki, Əhməd əş-Şaraa iqtidarının etirazçılara qarşı silaha əl atması Suriyada maraqlarını həyata keçirməyə çalışan dövlətlərin fəallaşmasına gətirib çıxarıb.
 
“Yeni iqtidarın bu məntiqsiz və qəddar hərəkəti Suriyada marağı olan ölkələrin aktivləşməsinə gətirib çıxarıb. Ələvilərin gülləbaran edilməsi İranı və bütün şiə ölkələrini yenidən Suriya hakimiyyətinə qarşı gedən qüvvələrin dayağına çevirdi, yəni iranpərəst qüvvələrin  bu ölkədə baş qaldırmasına şərait yaratdı”.
Analitik son hadisələrdə İsrailin də əli olduğunu qeyd edərək belə deyib:
 
“İndi keçək İsrailə. Yadınızda varsa, Bəşər Əsədin İsrail üçün  lazımlı  iqtidar olduğundan yazmışdıq. İsrail onu qoruya bilməsə də, bununla belə, Suriyanın bir  çox bölgələrini zəbt etdi. İndi bu bölgələrin İsraildə qalması məsələsini  həll etməlidir...
 
Ərəb Ölkələri Liqasının bu saat davam edən sammitində  çıxarılan qərar anti-İsrail xarakteri daşıdığından, İsrail də sakit durmayacaqdır. Qərarda İsrail Suriyanın düşməni elan edilib və zəbt etmiş olduğu torpaqların azad etməsi tələbini ortaya qoymuşlar. Mənə elə gəlir ki, Qərbi Suriyada bu hadisələrin başlanması ilk növbədə bu qərarla bağlıdır”. 
 
Yuxarıda adı çəkilən ölkələrin geosiyasi maraqlarını nəzərə alsaq, görərik ki, bu ölkələr də aranın qızışmasında maraqlıdırlar. İlk növbədə İsrail. Çünki o heç cürə razılaşa bilməz ki, onun sərhədində ortodoksal  İslam dövləti yaransın və onun üçün təhlükəyə çevrilsin. Nəzərə alsaq ki,  Əsəd İsrailə qarşı loyal  mövqedə idi, Holan  təpəliklərini İsraildən açıq şəkildə  tələb etmirdi. Yeni  hakimiyyətə gəlincə isə o buna qarşıdır.  Bunu bir daha  onlar Ərəb ölkələri Liqasının sammitində açıq şəkildə dedilər və İsraili Suriyanın düşməni elan etdilər. Maraqlısı budur ki, Suriyanın indiki iqtidarına qarşı İsraillə İranın maraqları üst-üstə düşür.
Suriyanın Şimalında yaşayan, Türkiyəyə qarşı həmişə mübarizə  yaşayan kürdlər də yeni hakimiyyətə qarşıdırlar və İsraillə sıx bağlıdırlar. Əlbəttə ki, İsrail onlar üçün Şimali Suriyada  muxtariyyət yaratmaq ideyası ilə çıxış etməklə, onları öz tərəfinə çəkmişdir və onları asanlıqla   idarə edir. Hər bir halda bu hadisələr İsrailin  xeyirinədir”.
 
“Türkiyənin indiki Suriya  hakimiyyəti ilə əlaqəli olması haqda çox danışmaq olar. Bununla belə, orada baş verən hadisələr heç də Türkiyənin xeyrinə deyil. Bəşər Əsəd yıxılandan sonra Suriyaya tez-tez yürüş etmış bəzi nümayəndələrin özlərini qalib kimi aparmaları da aranı qızışdırmışdır. Məsələn, suriyalılar türkiyəli nümayəndədən soruşanda ki, “Bizim axırımız necə olacaq?”, o belə cavab vermişdi: “Osmanlı imperiyasında necə yaxşı yaşayırdınız, elə də yaşayacaqsınız. Türkiyəli bu siyasətçinin bu sözləri də ərəbləri yerindən oynatmışdır, daha doğrusu, hərəkətə gətirmişdir”,- siyasi şərhçi belə deyib.
 
“Keçək  Rusiyaya. Ruslar nəyin bahasına olursa olsun, hərbi bazalarını bu ölkədə saxlamalıdırlar Odur ki, yeni Suriya iqtidarı ilə danışıqlara gediblər, bununla belə yenə də narahatlıqlar vardır ki, onları Suriyadan çıxaracaqlar. Odur ki. hadisələrin belə  məcrasında onların da marağı vardır. Ara qızışsa, Əsədi yenidən hakimiyyətə qaytara bilərlər.
 
ABŞ-nin keçmiş prezidenti Baydenin  indiki Suriya iqtidarının hakimiyyətə gəlməsində bir başa rolu olduğundan, sülh tərəfdarı Trampa qarşı  getdiklərindən, bu ölkədə əmin-amanlığın olmasını istəməzlər. 
 
Nəzərə alsaq ki, Suriyanın qızışması faktiki olaraq yuxarıda adları çəkilən ölkələrin geo-siyasi marağındadır, bu ölkədə qarşıdurmalar uzun çəkəcək. Daha düzünü desək, tezliklə Ukrayna geosiyasi poliqonu, Suriya ilə əvəz  ediləcək. 
 
Odur ki, indiki Suriya hakimiyyəti ABŞ-nin Suriya, İraq və Səudiyyə Ərəbistanı torpaqlarında yaradığı xilafət dövlətini –“İŞİD”-i xatırladır. Aydındır ki, belə getsə  onun ömrü uzun olmayacaq, çünki xalqın nahaq qanını axıdıblar”, - deyə analitik diqqətə çatdırıb.
 
Seçilən
69
41
moderator.az

10Mənbələr