AZ

Sənaye zonalarında 3,3 mlrd. manat dəyərində məhsul istehsal olunub

"Hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri, valyuta bazarında tarazlığın qorunması, məzənnə sabitliyi, makro-fiskal və monetar siyasətlə bağlı qərarlar inflyasiyaya azaldıcı təsir etmişdir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı deyib.

Qeyd edib ki, hesabat ilində illik inflyasiya hədəf diapazonu daxilində olmuşdur. Belə ki, 2024-cü ilin dekabr ayında 12 aylıq inflyasiya 4,9%, orta illik inflyasiya isə 2,2% olmuşdur.  

"2024-cü ildə dövlət büdcəsinin gəlirləri təxminən 37.2 mlrd. manat (102% icra), xərcləri isə 37,7 mlrd. manat (95% icra) təşkil etmişdir.

Beləliklə, dayanıqlı iqtisadi artım üçün makroiqtisadi - maliyyə sabitliyi və inflyasiyanın aşağı birrəqəmli səviyyəsi təmin edilmişdir.  

Maliyyə vəziyyətimizin yaxşılaşması nəticəsində qeyri-neft sektorunda iqtisadi fəallığın təmin edilməsi, sahibkarlığın inkişafı və yerli istehsalın stimullaşdırılması, vergi-gömrük güzəştləri, biznes-investisiya mühitinin yaxşılaşdırılması, habelə dövlətlə özəl sektor arasında birgə maliyyələşdirmə istiqamətində kompleks işlər davam etdirilmişdir".

Ə.Əsədov vurğulayıb ki,  İnvestisiya təşviqi ilə bağlı yeni mexanizmlər əsasən regionların inkişafına və investisiya potensialının artırılmasına yönəldilmişdir. 

"2024-cü ildə sənaye zonalarında 3,3 mlrd. manat dəyərində məhsul istehsal olunmuş, ondan 1,1 mlrd. manat həcmində məhsul ixracı edilmişdir. 

Hesabat ilində institusional sahədə islahatlar davam etmiş, iqtisadiyyatda rəqabət mühitinin yaxşılaşdırılması, korrupsiya ilə mübarizə və kölgə iqtisadiyyatının məhdudlaşdırılması istiqamətində tədbirlər həyata keçirilmişdir".

Mina Mikayılova

Seçilən
32
5
bakivaxti.az

7Mənbələr