Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Çorum” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçunun komandası bu gün TFF 1-ci Liqanın 2024/2025-ci illər mövsümünün 30-cu turu çərçivəsində “Keçiörengücü” ilə qarşılaşıb.
Coşqunun komandası doğma meydanda baş tutan bu qarşılaşmadan qələbə ilə ayrılıb – 3:2.
Diniyev bu matça start heyətdə başlayıb və fasilədə, hesab 1:2 olarkən əvəzlənib.
Xatırladaq ki, Coşqun Diniyev fevral ayında Türkiyənin digər klubu “Bandırmaspor”dan azad agent kimi ayrılaraq “Çorum”la 1,5 illik (2026-cı ilin 30 iyununadək) müqaviləyə imza atıb. “Çorum”da 6 matça çıxmış azərbaycanlı futbolçu 2 qolla yadda qalıb.
Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin yayında “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atmışdı. O, bu komandanın heyətində 20 oyun keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə 1249 dəqiqə meydanda olan futbolçu bu müddətdə 1 qırmızı vərəqə də alıb.
“Çorum” hazırda 45 xalla Birinci Liqanın yarış cədvəlində 7-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 30 oyunda 12 qələbə qazanıb, 9 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.
Coşqun Diniyev daha öncə ölkəmizdə “Qarabağ”, “Zirə”, “Sabah”, “İnter” (indiki “Şamaxı”) kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının da heyətində 28 oyun keçirib.