AZ

Xalqımızın mədəni-tarixi irsi olan Novruz – “Konstitusiya və Suverenlik İli”ndə

Müdrik Azərbaycan xalqının  sahib  olduğu  multikultural  dəyərlərin, tolerantlıq ənənələrinin dünyaya təqdim edilməsi işində birlik və bərabərliyin simvolu, cəmiyyətin təbiətlə vəhdətinin, insanlığa xas ali dəyərlərin – xeyirxahlığın, mərhəmətin, şəfqətin təntənəsi olan Novruz bayramının xüsusi yeri var. Azərbaycançılıq fəlsəfəsinin əsasını, mədəniyyətini, milli-mənəvi dəyərlərini əks etdirən və dünyada tanıdan Novruz – həm də sülh və əmin-amanlığın çarçısı olduğumuzu açıq şəkildə göstərən qlobal bir dəyərdir.

Azərbaycanı qədim sivilizasiyanın mərkəzlərindən biri kimi tanıdan misilsiz dəyərlərimiz sırasında Novruz bayramı müstəsna mövqeyə malikdir. Bu bayramın ölkəmizin hər bir guşəsində böyük ruh yüksəkliyi ilə rəsmi səviyyədə geniş qeyd olunması dövlət müstəqilliyimizin verdiyi bəhrələrdəndir. Belə ki, Novruzun qədim köklərə sahib olduğunu və hər zaman millətimizin qəlbində yaşadığını vurğulayan Ulu Öndər Heydər Əliyevin məhz Respublikamıza rəhbərliyi dövründə Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsi tarixi köklərə qayıdışın parlaq nümunəsi olmaqla yanaşı, xalqımızın həmrəyliyini və bütövlüyünü təcəssüm etdirib.

Bu ənənəni uğurla yaşadan, Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdıran Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə - Şuşa, Suqovuşan, Talış kəndi, Xankəndi şəhərində dördüncü dəfədir ki, bayram tonqalı yandıraraq Novruz bayramını qeyd edirik.

Ümumiyyətlə Azərbaycan torpağı tarixən bəşəriyyət üçün maraqlı olub. İstər onun yerüstü, istərsə də mənəvi sərvətləri hər zaman dünyanın marağını özünə cəlb edib.  Maddi və mənəvi irsin, abidələrin ən böyük mühafizəçisi, himayədarı olan UNESCO Azərbaycana aid olan bir neçə dəyəri öz siyahısına daxil edib. 2016-cı ildən etibarən həmin siyahıya salınmış Novruz da milli maraqlarımızı, azərbaycançılığımızı özündə yaşatmaqla yanaşı, həm də bəşəri məqsədlərə xidmət edən bir bayram olaraq dünyada Azərbaycanın eşidilən səsidir.

Dördüncü sənaye inqilabının gətirdiyi qloballaşma dalğasının geniş vüsət aldığı və ənənəvi dəyərlərin davamlı olaraq dəyişikliklərə məruz qaldığı bir zamanda Novruz bayramı tarixi-mədəni irsə bağlılığımızın ifadəsinə çevrilmişdir.

Qeyri-maddi irs olaraq, Birləşmiş Millətlər Təşkilatının təqvimində xüsusi yeri olan bu ənənəvi bayram, ilk növbədə, sülh və firavanlıq, bərabərliyin təmini, sülhsevər cəmiyyətlərin yaradılması, mədəniyyətlər arası dialoqun təmini və universal dəyərlərə hörmət, regional əməkdaşlığın qurulması və təbiətin qorunması baxımından “Dayanıqlı İnkişaf Məqsədləri” universal sənədinin hədəfləri ilə birbaşa əlaqələndirilir.

Novruzun mənşəyi qədim adətlərdən, təbiətə və məhsuldarlığa, həmçinin təbiətin tənəzzülünə və yüksəlişinə inamdan başlayır. Novruzdan əvvəlki ay ərzində hər çərşənbə axşamı təbiətin dörd ünsürünün qeyd olunmasına həsr olunur: su, od, torpaq və yel çərşənbələri adlanır və bahar nəhayət başlayır. 

Odlar yurdu Azərbaycan bununla bağlı zəngin ənənələrə malikdir. Od – təmizlənmə və aydınlaşma rəmzidir. Azərbaycanda cəmiyyətin təməli hesab olunan ailə dəyərləri Novruzda daha da güclənir və bayram ənənələrinə uyğun olaraq hər kəs odun ətrafına toplaşır. Bu mənada, “Yel Çərşənbəsi” ölkədə olan həmrəyliyə, birliyə, “Su Çərşənbəsi” insanların həyat eşqinə işarədir. 

30 ildən artıq bir müddətdə torpaq həsrəti çəkən bir xalq üçün “Torpaq Çərşənbəsi” isə xüsusi məna daşıyır. 30 illik həsrət Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi və xalqın həmrəyliyi ilə sona çatmış, xalqımız Novruzu bu gün Böyük Qayıdış çərçivəsində doğma Qarabağımızda “Konstitusiya və Suverenlik İli”ndə böyük qürur, coşqu və təntənə ilə bayram tonqal ətrafında qeyd edir.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ölkəmizin hüquqi dövlət quruculuğu sahəsində və suverenliyin daha da möhkəmlənməsi istiqamətində atılacaq addımların davamı kimi mühüm əhəmiyyət daşıyır. Bu il müstəqil Azərbaycanın ilk yeni Konstitusiyasının 30 ili, Ermənistan ordusu üzərində qazanılan böyük Zəfərin 5 ili tamam olur. Artıq müstəqil, suveren Azərbaycan dövləti inkişafının yeni mərhələsində ərazi bütövlüyünü, suverenliyini qoruyan, tam təmin edən bir ölkəyə çevrilib.

Tam əminliklə qeyd etmək olar ki, bu il ölkəmizdə dövlətçilik tariximizin yeni başlanğıc mərhələsinə çevriləcək və harada yaşamasından asılı olmayaraq soydaşlarımızı müasir dövrün yeni çağırışları ətrafında daha da sıx birləşdirəcək.

Məzahir Əfəndiyev,

Milli Məclisin deputatı

Seçilən
15
5
ikisahil.az

6Mənbələr