AZ

“Regionların sosial-iqtisadi inkişafı və coğrafi problemləri” - elmi-praktiki konfrans

Bakı, 19 mart, AZƏRTAC

Martın 19-da Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda “Regionların sosial-iqtisadi inkişafı və coğrafi problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru fizika elmləri doktoru, dosent Yusif Əliyev bildirib ki, konfransın əsas məqsədi Azərbaycanda coğrafiya elminin inkişafı və bu sahədə görülən işlərin elmi ictimaiyyətə çatdırılmasıdır.

Onun sözlərinə görə, bu gün tədqiqatlar apararkən, mütləq şəkildə coğrafi tədqiqatların sahəsini genişləndirərkən regionların sosial-iqtisadi inkişafını nəzərə alaraq sosial tədqiqatlar da həmin istiqamətdə aparılmalıdır: “Bu gün regionlarımızda iqtisadi potensialları bir araya gətirmək üçün yeni təşkilatlanmaya ehtiyac var. Bu təşkilatlanmanın ən vacib xüsusiyyəti isə coğrafi cəhətdən turizmin və sosial-iqtisadi aspektlərin geniş şəkildə araşdırılması öz aktuallığını daha geniş şəkildə ortaya qoymaqdadır”.

Konfransda Bakı Dövlət Universitetinin iqtisadi və sosial coğrafiya kafedrasının müdiri Çingiz İsmayılov, Türkiyənin Egey Universitetinin əməkdaşı, coğrafiya elmləri doktoru professor Aydın İbrahimov tədbirin gündəliyində duran məsələlərin aktuallığına toxunaraq bildiriblər ki, Coğrafiya İnstiututunda keçirilən konfrans tədqiqatçılar üçün bir şansdır.

Konfrans işini panel iclası ilə davam etdirib.

Panel iclasda coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov “Müasir coğrafi tədqiqatlarda aktual mövzu seçiminin vacibliyi”, coğrafiya üzrə fəlsəfə doktoru Camal Hüseynov “İqlim dəyişmələrinin Azərbaycan ərazisinə təsirinin xüsusiyyətləri” mövzularında çıxış ediblər.

Seçilən
12
2
azertag.az

3Mənbələr