2023/2024 mövsümünün qalan hissəsinə hazırlığını davam etdirən “Araz-Naxçıvan” və “Zirə” bu gün yoxlama oyununda üz-üzə gəliblər.
Arena.az xəbər verir ki, sözügedən komandalar Mərdəkandakı “Dalğa Arena”da qarşılaşıblar.
Üç qolun qeydə alındığı görüş Rəşad Sadıqovun çalışdırdığı komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Zirəlilər İlkin Muradov və Salifu Sumanın vurduğu qollarla seviniblər. Naxçıvan təmsilçisinin yeganə qoluna isə penaltidən dəqiq yararlanmış Orxan Əliyev imza atıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” 5 gün sonra – yanvarın 15-də Qəbələ şəhər stadionunda “Qəbələ” ilə üz-üzə gələcək. “Zirə” isə həmin gün Premyer Liqanın lideri “Qarabağ”la qarşılaşacaq.
Hazırda Azərbaycan Premyer Liqasının turnir cədvəlində zirəlilər 29 xalla 2-ci, naxçıvanlılar isə 26 xalla 6-cı pillədə qərarlaşıblar.
Yoxlama oyunu
10 yanvar
Zirə – Araz-Naxçıvan 2:1
Qollar: İlkin Muradov, 55. Salifu Suma, 71 – Orxan Əliyev, 68-pen.