22 ölkədən 49 qeyri-hökumət təşkilatı və ekofəal Ermənistanın dağ-mədən sənayesində beynəlxalq ekoloji norma və standartları pozaraq həyata keçirilən işlərin dünyanın ekosistemini pozmasına dair bəyanat yayıb. Cənubi Qafqaz regionu üçün ekoloji ədalət tələb edən sənəddə bildirilir:
“Biz, xarici ölkələrin vətəndaş cəmiyyəti təşkilatları və fəalları Ermənistan Respublikasının dağ-mədən sənayesində beynəlxalq ekoloji norma və standartları pozaraq həyata keçirilən işlərin ekologiyaya vurduğu ciddi ziyanla bağlı dərin narahatlığımızı bildiririk. Bu ölkədə hava və suyun çirklənməsi vaxtilə lokal xarakterli olsa da, artıq onun fəsadları təkcə Cənubi Qafqaz üçün deyil, bütün dünya üçün ciddi təhdidə çevrilib. Ermənistanın mədən sənayesi transsərhəd çayları çirkləndirməklə Şərqi Avropadan Mərkəzi Asiyaya qədər geniş coğrafiyada bir sıra ekoloji problemlərə səbəb olmaqda davam edir”.
Bəyanatın davamında qeyd edilir ki, qlobal ictimaiyyətin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səfərbər olduğu, ekoloji problemlərin həlli üçün səylərini gücləndirdiyi bir vaxtda Ermənistanın bu hərəkətləri Transsərhəd Çaylar Konvensiyası və BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasının (Espoo Konvensiyası) tələblərini ciddi şəkildə pozur: “Yaxın zamanda BMT-in İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransı - COP29-un Cənubi Qafqaz regionunda, Azərbaycanda keçiriləcəyini nəzərə alaraq, Ermənistan da ətraf mühitə ziyan vuran əməllərdən çəkinməli, bununla da beynəlxalq konvensiyalardan irəli gələn öz öhdəliklərini yerinə yetirməlidir”.
Bəyanatda Ermənistanın müvafiq beynəlxalq razılaşmalara qoşulmaqla qlobal miqyasda iqlim dəyişmələri ilə mübarizə aparmaq və planetin qorunmasında qaydalara riayət etmək öhdəliyi xatırladılaraq deyilir: “Biz, Ermənistan hökumətini və Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin məxsus olduğu özəl şirkətləri həmin müəssisələrdə təftiş, qiymətləndirmə və monitorinq işləri aparmaq üçün ekologiya və sağlamlıq sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlərə, o cümlədən qonşu ölkələrdən olan ixtisaslaşmış QHT-lərə şərait yaratmağa çağırırıq”.
XQ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta